Əsas Səhifə > Gündəm, Manşet, Ana xəbərlər > «TexnikaBank»ın sabiq şefi Azərbaycandan gedir

«TexnikaBank»ın sabiq şefi Azərbaycandan gedir


24-12-2013, 09:49
«TexnikaBank»ın sabiq şefi Azərbaycandan gedir
Çirkli pulların yuyulması ittihamından yayınan bankir birdəfəlik mühacirətə gedir

DİA.AZ: - Müəmmalı şəkildə həbsdən azad edilən və eyni qaydada mühakimədən yayın(dırıl)an «TexnikaBank»ın Müşahidə Şurasının rəhbəri Etibar Əliyevlə bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub. Xatırladaq ki, bankir külli miqdarda yeyintidə və «obnaliçka» əməliyyatında - çirkli pulların «yuyulmasında» ittiham olunsa da, sonradan yaxasını qurtara bilməyə müvəffəq oldu ki, bu da müəyyən şübhələrə rəvac verdi. Onu da bildirək ki, sən demə Etibar Əliyev hələ də “TexnikaBank”da ciddi pay sahibidir və bu gün də bank üzərində hpkmranlıqlarını qorumaqdadır.

Redaksiyamızın mötəbər mənbələrdən əldə etdiyi informasiyalardan aydın olur ki, araşdırmalar zamanı Etibar Əliyevin bir neçə il ərzində həyata keçirdiyi qanunsuz bank əməliyyatları da ifşa olunub. Məlumatlı mənbə DİA.AZ-a bildirib ki, Etibar Əliyev və «TexnikaBank»ın bir neçə filialının rəhbəri Bakı şəhərindəki kimsəsizlərin («bomj»ların) adından istifadə edərək külli miqdarda qazanc əldə ediblər.

Mənbənin söylədikləri: «Məlum olub ki, kimsəsz insanlar ilk əvvəl normal görüntüyə gətirilib. Yəni onlar üzləri qırxılıb, hamamlandırılıb və bahalı geyimlərlə təmin olunduqdan sonra adlarına şirkətlər, MMC-dər təsis edilib və bunun da ardından həmin kimsəsizlər şirkət rəhbəri kimi «TexnikaBank»ın filiallarında təqdim olunaraq müxtəlif sənədləri imzalayıblar. Nəticədə təxminən 10 milyon manata yaxın vəsait mənimsənilib və ayrı-ayrı məmurların qeyri-qanuni yollarla əldə etdikləri pullar «təmizə çıxarılıb». Və artıq bu işlə bağlı kifayət qədər cidd faktlar ortaya çıxıb. Həm də məlum olub ki, hüquq-mühafizə orqanları zamanında bu işlərdən bəzilərinin izinə düşsə də, həmin kimsəsiz insanlar günahkar kimi təqdim olunub və onlar məsuliyyətə gəlb ediliblər».

Mənbəmiz bildirir ki, hazırda 30-dan artıq kimsəsiz şəxs ayrı-ayrı cəzaçəkmə müəssisələrində bir şirkət sahibi kimi cəza çəkirlər: «Onların bəzilərinin ifadələri də alınıb və məlum olub ki, bu adamların ümumiyyətlə, bəzilərinin heç yazı yazma qabiliyyətləri də yox imiş. Amma «TexnikaBank»ın sənədlərində həmin şəxslər az qala dövriyyəsi 4-5 milyon dollar olan şirkətlərin sahibləri kimi təqdim olunublar».

DİA.AZ-ın əldə etdiyi son bilgilərdən isə aydın olur ki, artıq Etibar Əliyevin «TexnikaBank» üzərindəki bütün hüquqlarına son verilib. Və onun bankdakı 15 faizlik payını simvolik qiymətə başqa bir şəxsə ötürdüyü də iddia olunur. Amma bu, heç də hamısı deyil.

Redaksiyamızın əldə etdiyi bilgilərdə o da vurğulanır ki, həbsdən məhz «səhhətindəki problemlərlə» əlaqədar qurtulmağa müvəffəq olan Etibar Əliyev Azərbaycanı tərk etməyə hazırlaşır. Bu məlumatı verən mənbənin iddialarına görə, Etibar Əliyevin hələlik hansı ölkəyə gedəcəyi bəlli olmasa da, onun ölkəni birdəfəlik tərk edəcəyi haqda bilgilər var.

Məsələ ilə bağlı bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt