Əsas Səhifə > Güney Press, Üçüncü sektor > Abşeronda şok yeyinti faktı aşkarlanıb
Abşeronda şok yeyinti faktı aşkarlanıb24-12-2013, 11:22 |
3 milyon manatlıq vəsait müəmmalı formada yoxa çıxıb Abşeron rayonunda korrupsiya hallarının daha geniş vüsət aldığı barədə hələ bir müddət əvvəl geniş yazmışdıq. Və xəbər vermişdik ki, yaxın günlərdə rayonda tikilən uşaq bağçaları ilə də bağlı maraqlı araşdırmamız olacaq. JAM.AZ-ın araşdırmalarına görə, indiyə qədər sözügedən rayonda bir neçə uşaq bağçası inşa edilib. Dövlət büdcəsinin pulları hesabına inşa edilən bu bağçaların smeta dəyərləri isə inanılmaz dərəcədə şişirdilib. Hətta iş o yerə çatıb ki, üst-üstə 320 yerlik bağçanın tikintisinə 3 milyon manatdan artıq pul ayrılıb. Qeyd edək ki, bunlardan biri Digah qəsəbəsində 6 nömrəli uşaq bağçası-körpələr evinin 80 yerlik yeni binasının tikintisindən ibarətdir. Həmin tikinti işləri üçün 787640 manat pul ayrılıb. Tikinti işlərini isə "Sənaye və Mülki Tikinti E-93" MMC reallaşdırıb. İkincisi isə Xırdalan şəhərində, Abşeron Gənclər Şəhərciyi adlı yeni yaşayış massivində 120 yerlik uşaq bağçası-körpələr evinin tikintisindən ibarətdir. Bunu da "Sənaye və Mülki Tikinti E-93" MMC həyata keçirib. Həmin məqsədlə isə 1215780 manat pul ayrılıb. Üçüncü isə yenə Xırdalan şəhərinin yeni yaşayış massivində 120 yerlik uşaq bağçası-körpələr evinin tikintisi ilə bağlıdır. Bu dəfə 1178000 manat pul ayrılıb ki, onu da "Təşəbbüs" LTD şirkəti həyata keçirib. Bu işin içində qarışıq vəziyyəti görmək elə də çətin deyil. Məsələn, Xırdalan şəhərində inşa edilən iki bağçanın tutumu eyni olsa da, ayrılan məbləğ arasında fərq var. Eyni layihə əsasında inşa edilən bu tikililərin smetalarındakı 50 min manatlıq fərqə aydınlıq gətirmək isə heç də asan deyil. Üstəlik, 80 yerlik bağça ilə 120 yerlik bağçanın tikintisindəki 500 min manatlıq fərqin yaranması da Abşeron rayon İcra Hakimiyyətinin izah edə biləcəyi durumlar sırasında olmayan işdir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |