Əsas Səhifə > Güney Press, Üçüncü sektor > Ziya Məmmədovla Hacıbala Abutalıbova "əlvida" deyilir
Ziya Məmmədovla Hacıbala Abutalıbova "əlvida" deyilir24-12-2013, 11:24 |
Hələ son prezident seçkilərindən sonra yeni hökumət kabinetinin formalaşdırılmasının başa çatmasının ardınca aparıcı KİV-lərdə maraqlı bir iddia səslənmişdi. Həmin iddiada bəzi iri məmurların öz postlarını qoruyub-saxlamalarının müvəqqəti olduğu bildirilir və əlavə edilirdi ki, onlarla yeni ilin ilk aylarında yollar ayrılacaq. Son zamanlar bu istiqamətdə informasiyalar bir az da intensivləşib. Bəzi məmurlara qarşı müstəqil KİV-lərdə olduqca ciddi tənqidlər və iddialar səsləndirilir. Bunun isə təsadüf olmadığı bildirilir və əslində həmin məmurların mövqelərinin mümkün qədər zəiflədilməsi ilə yanaşı, onların görəvlərindən kənarlaşdırılmaları üçün ictimai rəyi hazırlamaq cəhdi kimi qiymətləndirilir. Dünən isə müstəqil media bir yana, rəsmi dövlət qəzetlərindən birində ("Azərbaycan") xüsusilə iki oliqarxın nəzarətindəki qurumların kəskin şəkildə tənqid edilməsi artıq "vurulması" gözlənilən iri məmurların kimliyi barədə bəri başdan müəyyən təxminlər irəli sürməyə imkan verir. Rəsmi dövlət qəzetindəki iri məqalə nəqliyyat naziri Ziya Məmmədov və və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun tənqidinə həsr olunub. "Tıxac problemi niyə tıxaca düşüb?" sərlövhəli yazıda Bakıdakı tıxac probleminin səbəblərinə toxunulur və bu, adıçəkilən məmurların məsuliyyətsizliyi ilə izah edilir. Yazının adıçəkilən məmurlarla bağlı kifayət qədər maraqlı hissələrini təqdim edirik: "Nə qədər qəribə də olsa, Bakıda nəqliyyatın hərəkətini iflic edən səbəblərdən biri, bəlkə də birincisi məhz küçə və prospektlərin tez-tez təmirə bağlanmasıdır. Heç kim bu cür təmir işlərinin vacibliyini inkar etmir. Lakin həmin "vacib"lik görülən işlərin keyfiyyətsizliyi üzündən müntəzəm xarakter alanda, bəzən intensiv hərəkətli və eyni istiqamətli yolları əhatə edəndə, beləliklə, avtomobillərə mənzil başına çatmaq üçün istiqamət qoymayanda onun mahiyyəti əsəb gərginliyinin və vaxt itkisinin fonunda dəyərini itirir. Biz hələ bəzən təmir işlərinin lüzumsuz aparılmasını və onun da günlərlə yox, aylarla uzanmasını demirik. Bu zaman DYP-nin olmayan alternativ yollardan istifadə etmək təklifi də kara gəlmir. Yol polisi demişkən, inanmırıq ki, Bakının yol təsərrüfatı qurumları təmir üçün hər hansı küçə və ya prospekti bağlayanda yol polisi ilə məsləhətləşsin. Deyə bilmərik, bu, hansının zəifliyi, yaxud məsuliyyətsizliyidir. Bütün hallarda həmin qurumlar əlbir işləməlidir. Çünki onların biri yol örtüyünün vəziyyətinə görə məsuliyyət daşıyırsa, digəri həmin yolda nəqliyyatın hərəkətinin təhlükəsizliyinə və intensivliyinə cavabdehdir... ...Həmçinin az adam tapılar ki, nəqliyyatın gur olduğu yolların ötürücülük qabiliyyətini azaldan digər səbəblə - avtobus dayanacaqlarında minik avtomobillərinin, xüsusən taksilərin saxlanması ilə qarşılaşmasın. Məhz həm də bu səbəbdən avtobuslar çox vaxt sərnişinləri küçənin ortasında düşürüb-mindirməyə və nəticədə yolu bağlamağa məcbur olur. Yolun bağlanması isə aradan qaldırılması xeyli vaxt tələb edən tıxac deməkdir. Ancaq belə əcaib vəziyyətin yaranmasında adamı təəccübləndirən başqa amildir. Bu da problemin həllində yol polisinin acizliyidir. Avtomobillərini avtobus dayanacaqlarında saxlayanların sürücülük mədəniyyətlərinin aşağı olmasını inkar etməyərək bizim DYP əməkdaşlarının tıxacların yaranmasında kifayət qədər yüksək "xüsusi çəki"yə malik belə hallara qarşı biganəliklərinin heç bir izaha və bəraətə sığmaması qənaətinə gəlməkdən savayı əlacımız qalmır... ...Necə olur ki, DYP-nin evakuatorla "silahlanmış" əməkdaşları bir-iki dəqiqəlik mağazaya və ya aptekə girənin, yaxud xəstəxanaya, poliklinikaya xəstə gətirənin avtomobillərini yolda hərəkətin intensivliyinə mane olmadığı halda belə bir göz qırpımında xəbərdarlıqsız-filansız götürüb naməlum istiqamətə apara bilirlər, amma taksilərin gecə-gündüz avtobus dayanacaqlarını "işğal" etmələrinə göz yumurlar?! ...Bu gün Bakı bəlkə də çox az şəhərlərdəndir ki, burada marşrutlar "sahibkar" adlandırılan ayrı-ayrı adamlara, belə deyək, verilib. Halbuki əksər iri şəhərlərdə ictimai nəqliyyatın təşkili və fəaliyyəti yerli özünidarə orqanlarına həvalə olunur. Düzdür, Bakının rayonlarının, kənd və qəsəbələrinin belə bir idarəetmə orqanı (bələdiyyəsi) olsa da, paytaxtınkı yoxdur. Lakin əvəzində ölkənin böyük imkanlara malik Nəqliyyat Nazirliyi, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti var və yəqin ki, bələdiyyələrin öhdəsindən gələ bilmədiyi işi nümunəvi təşkil etmək onlar üçün elə də çətin olmazdı". Nəzərə alsaq ki, rəsmi dövlət qəzetində iri məmurların tənqidi nadir, eyni zamanda təsadüf payı olmayan hadisədir, o zaman hökumət daxilində adıçəkilən oliqarxlarla bağlı siyasi qərar verilmə ehtimalının yüksək olduğunu iddia etmək üçün əsas yaranır. Söhbət Məmmədov və Abutalıbovun "vurulması" yönündə gözləntilərdən gedir. Həmin gözləntilərin reallaşıb-reallaşmayacağını isə yəqin ki, gələn ilin ilk aylarında görəcəyik. Geri qayıt |