Əsas Səhifə > Cəmiyyət > Cəmil Quliyevdən İTV-dəki kadr islahatları ilə bağlı ilginc açıqlamalar
Cəmil Quliyevdən İTV-dəki kadr islahatları ilə bağlı ilginc açıqlamalar26-12-2013, 17:04 |
"Burada pis heç nə yoxdur" DİA.AZ trend-ə istinadən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin müsahibəsini təqdim edir: - İTV Yayım Şurasının sizi baş direktor seçməsindən 8 ay ötüb. Bu müddət ərzində telekanalda ilkin məqsədlərinizə nail ola bildinizmi? - Qısa desək, başa çatan dövrdə xüsusilə yayım proqramının şəbəkəsi dəyişib. Biz maraqlı proqramları saxlamaqla yanaşı, minimum xərclə yenilərini yaratdıq. Efirdə verilişlərin yayım konsepsiyası da dəyişdi. - Bəzi dedi-qoduçular iddia edirlər ki, telekanalın reytinqi aşağı düşüb. - Bu, İTV-yə qarşı bəzi sosioloji xidmətlərin yürütdüyü düşünülmüş taktikadır. Birincisi, televiziya tamaşaçıları arasında populyarlıq qazanmış proqram və verilişlər yenə də onları sevindirməyə davam edir. Başa çatmış 8 ay ərzində İTV-də cəmi bir proqram bağlanıb, lakin müxtəlif xarakterli 10 yeni televiziya proqramı açılıb. Film və musiqi proqramlarının nümayiş sistemi dəyişdirilib. Bizə məlumdur ki, cəmiyyət bu dəyişiklikləri müsbət reaksiya ilə qarşılayıb. İncəsənət və mədəniyyətlə bağlı proqramların sayı artırılıb, tok-şouların sayı isə hətta iki dəfə artıb. Təkcə son 3 ay ərzində görkəmli bəstəkarlar Emin Sabitoğlu və Elza İbrahimova, şairlər Əhməd Cəmil, Məmməd Araz, yazıçı Elçin və digərlərinə həsr edilmiş sənədli filmlər çəkilib və nümayiş etdirilib. Muğam ustadı Arif Babayev, aktyorlar Həsən Məmmədov, İlham Namiq Kamal, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb və rejissor Tofiq İsmayılovun həyat və yaradıcılığına həsr edilmiş onlarla televiziya filmi "Carçıfilm" studiyasının yeni uğurları sırasına aid edilir. Bundan başqa, İTV yerli və beynəlxalq xarakterli irimiqyaslı tədbirləri yayımlayır. Biz prezident seçkilərini kifayət qədər uğurla işıqlandırdıq, Azərbaycan efirində "Eurovision-2013" mahnı müsabiqəsinin bütün prosedurlarının təşkilini və informasiya dəstəyini təmin etdik, TRT orkestri ilə birgə "Axşam səfası" layihəsini və s. həyata keçirdik. Yeri gəlmişkən, böyüklər və uşaqlar arasında "Eurovision-2013" müsabiqələrində televiziya kanalımızın fəal iştirakı ilə Azərbaycan təmsilçiləri müvafiq olaraq ikinci və yeddinci yerləri tutdular. Əgər xatırlayırsınızsa, ötən il 12 ölkənin uşaqları arasında keçirilən "Eurovison" müsabiqəsində təmsilçimiz 11-ci olmuşdu. İTV son aylar beynəlxalq və yerli əhəmiyyətli bir çox mükafatlar qazanıb. Onlar arasında "Qağayı" filmini qeyd etmək istərdim. Biz həmin filmlə Rusiyanın paytaxtı Moskvada keçirilmiş Beynəlxalq televiziya və kinofilmlər festivalında təmsil olunmuşduq. Telekanalımızın yaradıcılıq məhsulu "Ən yaxşı sənədli film" nominasiyasında qalib oldu. Yeni il ərəfəsində İctimai Televiziya və Radio daha bir uğur qazandı. Yayım şirkətinin adı "Azeri Business Award" milli mükafatının laureatları sırasına daxil edildi. Xatırladım ki, bu mükafatın təsisçisi Azərbaycanın işgüzar dünyasının qabaqcıl nəşri "Business Time" jurnalıdır. - Maraqlıdır ki, cəmiyyətdə yaradıcılıq məsələləri deyil, sizin tərəfinizdən aparılan kadr dəyişiklikləri müəyyən reaksiya doğurdu. Bəzi kütləvi informasiya vasitələri sizi AzTV-nin kadrlarına üstünlük verməkdə qınayır. - Əvvəla, biz telekanalda mövcud yaradıcı özəyi qoruyub saxlamışıq. Lakin xatırlatmaq istəyirəm ki, 2005-ci ildə İTV yarananda bir çox rəhbər, yaradıcı və texniki kadrlar AzTV-dən dəvət olunmuşdu. Və burada pis heç nə yoxdur. Mənim üçün AzTV həmişə bütün ölkənin televiziya məkanı üçün mütəxəssislərin hazırlanmasında əsas peşəkar məktəb olub. Mən özüm bu yaxınlaradək AzTV-də çalışmışam, atam uzun illər Azərbaycan Televiziya və Radiosuna rəhbərlik edib. İTV-nin baş direktoru seçildikdən sonra mənə həvalə olunan telekanalın peşəkarlıq səviyyəsinin artırılması məqsədilə AzTV-dəki kadrları bura cəlb etdik. İTV-də kadr dəyişiklikləri ayrı-ayrı KİV səhifələrində ciddi reaksiya doğurdu, çünki işdən çıxarılan işçilərin bəzilərinin onlarla sıx əlaqəsi var və bu da İTV-dəki dəyişikliklərə qarşı qəzəbli kampaniyaya gətirib çıxarır. - "Eurovision-2014" müsabiqəsinə hazırlıq necə gedir? - 2014-cü ilin yanvarından İTV-də beynəlxalq "Böyük səhnə" layihəsi başlayır ki, orada kastinqlər və "Eurovision-2014" müsabiqəsinin iştirakçılarının seçimi aparılacaq. - Adətən, televiziya işçiləri öz planlarını bölüşməyi sevmirlər. Lakin bilmək istərdik ki, qarşıdan gələn ildə İTV-nin tamaşaçılarını hansı yeniliklər gözləyir. - Bizim gələcəklə bağlı planlarımız çoxdur. Bu planlar, xüsusilə, beynəlxalq fəaliyyətimiz və İTV-nin proqram siyasəti ilə bağlıdır. Mən televiziyaya gəlişimdən sonra gördüm ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uğurlu siyasəti nəticəsində ölkəmizdə televiziya məkanının inkişafı üçün hər cür şərait yaradılıb. Biz televiziya işçilərinə isə yalnız dövlətin və xalqın səadəti naminə çalışmaq qalır. Geri qayıt |