Əsas Səhifə > Güney Press, Üçüncü sektor > Qorxmaz Hüseynov 580 milyonun cavabını necə verəcək?

Qorxmaz Hüseynov 580 milyonun cavabını necə verəcək?


27-12-2013, 09:57
Qorxmaz Hüseynov 580 milyonun cavabını necə verəcək?
Məlum olduğu kimi, Hesablama Palatası yeni ildən etibarən «Azərsu» ASC-də maliyyə yoxlamalarına start verəcək. Rəsmi bilgilərdə qeyd olunur ki, bu yoxlamalar 2012-ci ildə ASC-yə ayrılmış pulların hara xərclənməsini əhatə edəcək.

JAM.AZ-ın əldə etdiyi məlumatlarda isə vurğulanır ki, sözügedən şirkətə dövlət büdcəsindən 2012-ci ildə 580 milyon manat vəsait ayrılıb. Bu pulların hamısı ölkədə su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, habelə digər məqsədlər üçün xərclənməliydi. Lakin «Azərsu» prezidenti Qorxsaz Hüseynovun pul hərisliyi həmin vəsaitin böyük bir qisminin müxtəlif adlar altında mənimsənilməsinə gətirib çıxarıb.

JAM.AZ-ın araşdırmaları zamanı məlum olub ki, Qorxmaz Hüseynov büdcə pullarının axırına çıxmaq üçün əsasən üç adamın xidmətindən geniş istifadə edib. Onlardan biri qayını «Hidro-Insaat Servis» MMC-nin rəhbəri Namiq Cəbrayılovdur. Bu şəxsin şirkəti 2011-ci ildə dövlət qeydiyyatına alınıb və qısa müddətdən sonra tenderlərə qoşulub. «Azərsu» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə «Hidro-Lotus» MMC-dir. «Hidro-Lotus» MMC, «Hidro-İnşaat Servis» MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. «Hidro-Lotus» MMC-nin 70 faizi «Hidro-İnşaat Servis»ə, 30 faizi isə Türkiyənin «Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik və Taşimacilik Anonim Şirketi»nə (qısaca «Lotus») məxsusdur.

Qeyd edək ki, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz Qorxmaz Hüseynovun qaynına tapşırılıb. Amma onun qarışdığı tenderlər bununla bitmir. Eyni zamanda, Namiq Cəbrayılovun öz işçilərinə pul «atma» halları da mövcuddur ki, bununla bağlı yaxın günlərdə geniş bilgi verəcəyik.

İkinci əsas fiqur isə «Azərsu» prezidentinin qardaşıdır. «Sənaye-Tikinti-M» MMC-nin rəhbəri olan Məhəmməd Hüseynov balaca fiqur hesab edilmir. Onun əliylə təkcə sözügedən şirkətdə deyil, həmçinin onun hüdudlarından kənarda da bir sıra işlər görülür. Məsələn, Abşeron rayonunda iri obyektlərin tikintisinin bir çoxu bu şəxsə həvalə olunub.

Qorxmaz Hüseynovun üçüncü ən böyük adamı isə bacısı oğlu Yusifəlidir. İddialara görə, bacıoğluya indiyə qədər etibar edilən layihələrin ümumi dəyəri 250 milyon manatdan çoxdur. Amma bütün bunlara baxmayaraq, Yusifəli daha çox pul qazanmağa üstünlük verib və bu zaman buraxdığı səhvlər isə uzaqdan görünməyə başlayıb. Məsələn, Hacıqabulda su və kanalizasiya sisteminin yenidən qurulması prosesinə rəhbərlik edən bacıoğlu orada təkcə qumm və torpaq daşınması prosesindən on minlərlə manat qazanc götürüb. Belə ki, layihənin icrasının gedişində boruların altına və üstünə dəniz sahilinin ətrafında olan ağ qumdan istifadə etmək lazım gəlib. Bu zaman Yusifəli Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazidə yerləşən Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyerindən qumm almağa başlayıb. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satıb. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, Salyan rayonun Xıdırlı kəndi ərazisindən daşıdığını yazdırır. Qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilir. Sənəd üzərində guya gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir.

P.S. Bildirək ki, bu «Azərsu»da baş verənlərin çox kiçik hissəsidir. Elə təkxcə Sabirabad və Saatlı rayonları üçün magistral içməli su xəttinin 46 milyon manata çəkilməsi özündə kifayət qədər müəmmalar gizlədir. Bu barədə yaxın günlərdə.

Geri qayıt