Əsas Səhifə > Güney Press, Araşdırma > UÇDU GÖYLƏRƏ BİZİM PEYKİMİZ...
UÇDU GÖYLƏRƏ BİZİM PEYKİMİZ...14-02-2012, 11:48 |
AZƏRBAYCAN ORBİTƏ 3 PEYK ÇIXARACAQ Azərbaycanın telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması siyasi, iqtisadi və texniki sahədə əldə ediləcək əhəmiyyətli uğurlarla bir çox sahələrin inkişafına təkan verəcək. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, cari ilin sonunda ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur: «Bundan başqa, ilk telekommunikasiya peykinin hazırlanaraq «Kuru» kosmodromuna gətirilməsi bu ilin oktyabr ayında və sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılıb. İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması isə 2015-ci ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır». Ə.Abbasov qeyd edib ki, bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi bu il həll olunmalıdır: «Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılıb və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcək. Peyk və peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılıb və bu proses bu il də davam etdiriləcək». Nazir həmçinin bildirib ki, hazırda ölkə ərazisində peykin idarə edilməsini həyata keçirmək üçün ən yüksək beynəlxalq tələblərə cavab verən əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzləri inşa edilir. «Azerspace» peyki Malayziya hökumətinə məxsus və Malayziyanın «Measat Satellite Systems» şirkəti tərəfindən şərq uzunluğu orbital mövqeyinə çıxarılacaq: «Peyk üzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcək». Nazir onu da bildirib ki, hazırda Azərbaycanda beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Böyük həcmli informasiyanın respublika daxilində və eləcə də tranzit olaraq digər ölkələrə ötürülməsində mövcud fiber-optik kabel şəbəkələrinə yeganə alternativ olaraq məhz peyk sistemlərindən istifadə olunur: «Bu baxımdan Azərbaycanda televiziya və radioyayım, eləcə də telekommunikasiya xidmətləri göstərən qurumlar tərəfindən müxtəlif peyklərdən tutumlar icarə edilir və buna böyük vəsait xərclənir. Həmçinin ölkə ərazisinin relyefinin 50%-dən artıq hissəsinin dağlıq ərazi olduğu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyü nəzərə alınarsa, gələcəkdə bu xidmətə olan tələbatın təxminən 4 dəfəyə qədər artacağı gözlənilir. Buna görə də Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili istiqamətində ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəsi olacağını düşünürəm». Qeyd edək ki, «Azerspace» peyki orbitə buraxılandan sonra Naxçıvan ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli İP xidmətlərin, VPN və digər data xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, distant təhsil və «e-səhiyyə» kimi digər proqramlar üçün ideal platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda fəlakətin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq və ya hər hansı potensial təhlükəyə qarşı dərhal tədbirlər görülməsi mümkün olacaq. Geri qayıt |