Əsas Səhifə > Sosial, Manşet > KƏRƏM HƏSƏNOVUN YENİ PLANI
KƏRƏM HƏSƏNOVUN YENİ PLANI15-02-2012, 13:44 |
KOMİTƏ SƏDRİ DAHA BİR NAZİRİ “TARİXİN ARXİVİNƏ” YOLLAMAQ NİYYƏTİNDƏDİR DİA.AZ: - Bir zamanlar xəyanətdə ittiham olunan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Fərhad Əliyevin dövründə mövcud olan İqtisadi İnkişaf Nazirliyinin statusunu bərpa etməyə çalışır. Komitə sədri özünün super nazir olmaq iddiasını ortaya qoyub. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub. Xatırladaq ki, Kərəm Həsənov hakim elitaya məhz Fərhad Əliyevin təqdimatı ilə daxil olub və uzun müddət onun adamı kimi tanınıb. Sonradan, 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı isə Kərəm Həsənov nəinki Fərhad Əliyevlə bağlarını qırdı, hətta ona qarşı qurulan planın da fəal iştirakçılarından biri kimi diqqətə gəldi. İndi isə Kərəm Həsənovun yeni plan üzərində işləməsi və bu dəfə də indiki iqtisad inkişaf naziri Şahin Mustafayevə qarşı planlar qurması barədə məlumatlar yayılıb. Xatırladaq ki, İqtisadi İnkişaf Nazirliyi 2001-ci ildə bir necə dövlət qurumunun birləşməsindən yaranıb. 2001-ci ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilib. Bu qurumların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılıb. İqtisadi inkişaf naziri postuna da o vaxt hakimiyyətin böyük etimad göstərdiyi Fərhad Əliyev təyin edilmişdi. Müşahidəçilərin dəyərləndirməsinə görə, F.Əliyevin başçılıq etdiyi nazirlik faktiki olaraq “hökumət içində hökumət” statusunu daşıyırdı. F.Əliyevin super nazirliyinin ömrü cəmi 4 il oldu - 2005-ci ilin sentyabrında nazirlik parçalandı. Nazirliyin dövlət əmlakının özəlləşdirilməsi və idarəedilməsi funksiyası yeni yaradılan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə verildi (sonradan qurumun adı dəyişdirilərək Əmlak Məsələləri Dövlət Komitəsi adlandı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti də komitənin tabeliyinə verildi) və K.Həsənov komitənin sədri təyin edildi. İndi K.Həsənov hesab edir ki, artıq özünü sədaqətli kadr kimi təsdiq etdiyindən hazırda rəhbərlik etdiyi qurum İqtisadi İnkişaf Nazirliyi ilə birləşdirilməli və təbii ki, nazir də özü olmalıdır. Bununla bağlı hakimiyyətin üst qatından dəstək almağa çalışır. K.Həsənovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov üzərindəki qələbəsi də onda özünəinam yaradıb. Yada salaq ki, Arif Qaraşov 20 ilə yaxın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəhbərlik edib. Ən müxtəlif hakimiyyət dönəmlərində öz postunu qorumağı bacarmış A.Qaraşov “odda yanmaz, suda batmaz” adam təsiri bağışlayırdı. Özü də A.Qaraşov o qədər iddialı idi ki, özəlləşdirməni də öz əlinə keçirmək istəyirdi. Başqa sözlə desək, A.Qaraşov K.Həsənovu bitirmək istəyirdi, ancaq nəticə tam əksinə oldu - K.Həsənov A.Qaraşovu bitirdi və səlahiyyətlərini də ələ keçirdi. Bu səbəbdən də K.Həsənov indi belə hesab edir ki, “odda yanmaz, suda batmaz” A.Qaraşova qailib gələ bilibsə, dişsiz iqtisadi inkişaf naziri Şahin Mustafayevi niyə yenə bilməsin? Qaynaq bildirir ki, bu məsələdə hakimiyyətdaxili savaş da əhəmiyyətli rol oynayır. K.Həsənov ölkənin ikinci ailəsinə yaxınlığı ilə seçilir. İqtisadi inkişaf naziri Şahin Mustafayev isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı sayılır. K.Həsənov bu amildən faydalanaraq İqtisadi İnkişaf Nazirliyini də ələ keçirmək, bir sözlə, super nazir olmaq iddiasındadır. Ş.Mustafayev Vergilər Nazirliyində İqtisadi təhlil və vergi uçotu idarəsinin rəisi, Dövlət Neft Şirkətində maliyyə idarəsinin rəisi və vitse-prezident vəzifələrində işləyib. 2007-ci ildə vergilər nazirinin birinci müavini, 2008-ci ilin sonunda - prezident seçkisindən dərhal sonra isə iqtisadi inkişaf naziri təyin edilib. K.Həsənov hakimiyyətin üst qatını inandırmağa çalışır ki, özəlləşdirmə də daxil olmaqla, iqtisadi inkişaf naziri kimi daha yaxşı işləyə və daha çox “fayda” verə bilər. Bu həm də artıq iddialarını leqallaşdıran K.Heydərovun zərərsizləşdirilməsi istiqamətində ciddi bir addım olacaq. Geri qayıt |