Əsas Səhifə > Güney Press, Araşdırma > MÜXALİFƏTDƏ VAHİD NAMİZƏD DAVASI

MÜXALİFƏTDƏ VAHİD NAMİZƏD DAVASI


15-02-2012, 14:29
MÜXALİFƏTDƏ VAHİD NAMİZƏD DAVASI

HƏR BİR PARTİYA MƏSƏLƏYƏ FƏRQLİ YANAŞIR

“Müsavat funksionerlərinin Müsavat Partiyasının növbəti qurultayında partiyanın indiki başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürüləcəyi ilə bağlı fikirləri ilə tanışıq. Amma AXCP-də bu məsələ ilə bağlı fikirlər fərqlidir. Biz hesab edirik ki, 2013-cü il prezident seçkilərinə il yarım qalmış indidən namizəd məsələsinin gündəliyə gətirilməsi doğru deyil”. Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyası funksionerlərinin partiya başqanı İsa Qəmbərin müxalifətin vahid namizədi olması ilə bağlı fikirlərinə münasibət açıqlayarkən deyib.

O bildirib ki, hazırda əsas diqqət ölkədə demokratik seçki mühitinin yaradılmasına yönəldilməlidir, digər müzakirələr isə ziyanlı ola bilər: “Vahid namizəd məsələsi ilə bağlı indidən müzakirələr olsa, bu, müxtəlif spekulyasiyalara yol aça, eyni zamanda müxalifət daxilində fikir ayrılığı yarada, narazılığa səbəb ola bilər. Ümumiyyətlə, bu məsələ müxalifətin vahid namizədi formatında həll olunmalıdır, nəinki ayrı-ayrı müxalifət partiyaları tərəfindən namizədlərin irəli sürülməsi formatında. Bu isə zamanı gələndə, yəni, seçki kampaniyası başlayarkən həll olunan bir məsələdir. İndidən bu cür müzakirələrin açılması mübahisələrə səbəb olan polemikaların yaranmasına gətirib çıxarar. AXCP olaraq namizədlərin şəxsiyyəti ətrafında hər hansı kampaniyanın aparılmasını ümumi demokratik prosesə xidmət edən mövqe kimi qəbul etmirik. İndiki halda yalnız birləşdirici məqamlar ön plana çəkməlidir”.

F. Qəhrəmanlı bildirib ki, müxalifətin vahid namizədi konkret partiyalar tərəfindən deyil, ümumi müxalifət tərəfindən müəyyənləşməlidir.

Qeyd edək ki, Müsavat partiyasının bir sıra funksionerləri partiya başqanı İsa Qəmbərin 2013-cü ildə keçiriləcək prezident seçkilərində vahid namizəd olması arzularını dilə gətiriblər. Partiyanın hazırda həbsdə olan Mərkəzi İcra aparatının rəhbəri Arif Hacılı İsa Qəmbərin müxalifətin vahid namizədi olmasına çalışacağını söyləyib. Partiya Divanının üzvü Qubad İbadoğlu isə deyib ki, İsa Qəmbər növbəti prezident seçkiləri üçün müxalifətin ən layiqli, ən şanslı namizədidir.

Geri qayıt