Əsas Səhifə > Partiya > “İRANIN AZƏRBAYCANDA TERROR ÜÇÜN POTENSIALI VAR”
“İRANIN AZƏRBAYCANDA TERROR ÜÇÜN POTENSIALI VAR”16-02-2012, 13:21 |
“İRAN DA AZƏRBAYCANI HƏDƏFƏ ALACAQ” Fevralın 12-də Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz notası təqdim olunub. Notada “Azərbaycan ərazisindən İran İslam Respublikasına qarşı terror fəaliyyəti üçün istifadə olunması”na etiraz bildirilir. Sənəddə Azərbaycanın İran barədə kəşfiyyat məlumatı toplayan “Mossad” agentləri ilə dolu olduğu da vurğulanır. Bu notadan sonra Azərbaycanla İran arasında növbəti gərginlik yarandı. Bundan sonra İsrailin bir neçə ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ətrafında törədilən terror aktlarını İranın sifarişi olduğu iddia edildi. “Mossad” agentləri ilə bağlı Azərbaycanı ittiham edən İran bizim ölkədə belə terror aktlarının törədilməsində maraqlı ola bilərmi, ümumiyyətlə belə təhlükə gözləniləndirmi? Avro-Atlantik Şurasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Modern. az saytına deyib ki, İranın Azərbaycanda terror törətməsi ehtimalı gözləniləndir: “Keçmişdə də belə cəhdlər olub. İsrail-İran münasibətlərinin kəşkinləşdiyi indiki yeni bir mərhələdə, təbii ki, bu ehtimal daha da artıb. Çünki Azərbaycan İranın qonşusudur. Bundan başqa, Azərbaycan İranın aktiv fəaliyyət göstərdiyi bir ölkədir. Bu baxımdan da Azərbaycanda İranın mövqeləri güclüdür. İranın Azərbaycanda əməliyyat keçirmək üçün kifayət qədər potensialı var”. İranın məlum notasından sonra millət vəkili Zahid Oruc Azərbaycanın bu ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyalara qoşulmasının vaxtı çatdığını bəyan etdi. Sülhəddin Əkbər də bunu mümkün, eyni zamanda zəruri hesab edir: “BMT Təhlükəsizlik Şurasında Suriya məsələsi müzakirə olunanda Azərbaycanın Rusiyanın təpkilərinə baxmayaraq qətnamə layihəsinin lehinə səs verməsi onu göstərir ki, Azərbaycan İran məsələsində də mövqe tutmağa başlayır. Yəni, xarici işlər nazirləri arasında son nota mübadiləsi, Azərbaycanın daha sərt, birmənalı ifadələr işlətməyə başlaması da artıq göstərir ki, Azərbaycan İran məsələsində öz mövqeyini də müəyyən etməkdədir. Əslində bu gözlənilən idi. Çünki Suriya və İran məsələsi bir-birinə sıx bağlıdır. Türkiyənin Suriya məsələsində mövqeyi qəti və birmənalıdır və Bəşər Əsəd rejiminə qarşı beynəlxalq təzyiqin daha da artırılmasının tərəfdarıdır. Türkiyə İranın strateji tərəfdaşı olan Suriyaya basqılarını artırdıqca, İran da Türkiyənin tərəfdaşı olan Azərbaycana basqıları artıracaq”. Bütün bunları nəzərə alan S.Əkbər məhz bu baxımdan tədricən İran məsələsində də Azərbaycanın beynəlxalq birliklə birgə hərəkət etməyə başlayacağını düşünür: “Mənə elə gəlir ki, Azərbaycanın Türkiyə kimi strateji tərəfdaşı ilə birgə hərəkət etməsi daha düzgün olardı. Sanksiyalar məsələsinə gəldikdə, Azərbaycan BMT Təhlükəsizliik Şurasının, Qərbin qəbul etdiyi sanksiyalara əməl etməyə borcludur, çünki bu sanksiyaları hüquqi cəhətdən yerinə yetirmək məcburiyyəti var”. Geri qayıt |