Əsas Səhifə > Şou-biznes > “MƏNƏ ANTİREKLAM LAZIM DEYİL”

“MƏNƏ ANTİREKLAM LAZIM DEYİL”


17-02-2012, 13:35
“MƏNƏ ANTİREKLAM LAZIM DEYİL”

“ŞƏRHLƏRDƏ BƏZİ XOŞAGƏLMƏYƏN FİKİRLƏR YAZILIR”

Cəmiyyət çox zaman sənətçilərin deyişməsinə biganə qalmır. Vaxt var idi, aşıqlar da deyişirdilər. Amma bu deyişmə şəxsi münasibətlərə deyil, sənətə aid olurdu. İndi isə aşıqlar arasında şəxsi deyişmələr açıq şəkildə ictimaiyyətə göstərilir, hətta bunun marağında olan aşıqlara rast gəlirik. Hər zaman qalmaqaldan adını uzaq tutan aşıq Samirə istəməyərəkdən bunun qurbanına çevrildiyini Milli.Az-a danışır:

"Bu günlərdə mənim də başıma hadisə gəlmişdi. Oturduğum yerdə güclə məni qalmaqala çəkmək istədilər. Özü də bunu kim etdi? - Qadın geyimini müzakirə edən kişi aşıqlarından biri. O insan dizdən olan yubka ilə mini paltarı səhv salmışdı, yaxud bunu bilərəkdən edirdi, bilmirəm. Amma yaratdığı mövzu bu idi. Qadın geyimi haqqında qadın danışar. Amma onun əsassız fikirləri rezonans doğurmadı. Başa saldılar ki, iddiası əsassızdır".

Qeyd edək ki, söhbət aşıq Əlidən gedir. O, əvvəlcə, sətiraltı ifadələrlə aşıq Samirənin mini geyimdə səhnəyə çıxdığını iddia edərək, bu tərzi aşığa yaraşdırmadığını bildirmişdi. Aşıq Samirə onun üçün yersiz olan bu iddianı unutmağa çalışsa da, təəssüf hissi ilə bildirir ki, onun sənətdə ilklərini bu cür qabartmırlar.

"Aşıqlar arasında çox ilkə, yeniliyə imza atdım. Heç bunlardan danışmırlar. Amma adımı hallandırmaqla gündəmə gəlirlər. Deməli, mən onları qıcıqlandırıram. Amma mənə əsası olmayan qalmaqal lazım deyil. Heç olmasa, mənim sənətdə elədiklərimin 50 faizini etsinlər, sonra çıxıb mövzularında adımı hallandırsınlar. Əgər eşitsəydim ki, hansısa ziyalı, filosof, sənətşünas, eləcə də Zəlimxan Yaqub və onun kimi bir şəxsiyyət məni və ya sənətimi müzakirə edir, bunun əsassız olmadığını düşünərdim. Mənə antireklam lazım deyil", - deyə o, bildirdi.

Qeyd edək ki, ana olmağa hazırlaşan sənətçi şəxsi həyatının da mövzu olmasını istəmir. O, qarşıdakı aylarda bu barədə çox danışıla biləcəyindən ehtiyat etdiyi üçün mövzunu bağlayacağını qeyd etdi.

"Zamanım yetdikcə mətbuatı izləyirəm. Görürəm ki, sənət adamının şəxsi həyatı əsas mövzuya çevrilir. Şərhlərdə isə bəzi xoşagəlməyən fikirlər yazılır. Bəzən yaraşdırılmayan yanaşmalara rast gəlirik. Ona görə də şəxsi mövzuda açıqlamamın xoşagəlməz fikirlə əhatə olunmasını istəməyərək, yaxın vaxtlarda belə bir addım atmaq istəyirəm".

Sonda aşıq Samirənin sözü yenə həmkarlarına oldu:

"İctimaiyyət üçün sənəti, adı bəlli olan çox az sayda aşıqlar var. Gəlin həmrəy olaq, yalnız sənətə xidmət edək. Məna yükü olmayan söhbətlərlə gündəmə gəlməyək".


Geri qayıt