Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏDLİYYƏ NAZİRLİYİNİN 11 AY GECİKƏN CAVABI

ƏDLİYYƏ NAZİRLİYİNİN 11 AY GECİKƏN CAVABI


17-02-2012, 13:40
ƏDLİYYƏ NAZİRLİYİNİN 11 AY GECİKƏN CAVABI

NAZİRLİK DİUC- UN QEYDİYYATINA YENƏ “YOX” DEDİ

DİA.AZ: - Demokratik İslahatlar Uğrunda İctimai Birliyin (DİUC) Ədliyyə Nazirliyi tərəfindən növbəti dəfə qanunsuz olaraq qeydiyyata alınmasından imtina olunması ilə bağlı Birliyin sədri Oqtay Gülalıyevin DİA.AZ-a açıqlaması;

1999- cu ilin sentyabr ayından fəaliyyət göstərən Demokratik İslahatlar Uğrunda İctimai Birliyin (DİUC) ötən 13 ildə dövlət tərəfindən qeydiyyata alınması üçün Ədliyyə nazirliyinə etdiyi 10- cu müraciətə də nazirliyin Qeydiyyat və Notariat baş İdarəsi “yox” cavabını verib. Amma sonuncu cavabın verilməsi 11 ay gecikdirilib. Belə ki, Demokratik İslahatlar Uğrunda İctimai Birliyin sənədləri axırıncı dəfə 2011- ci ilin mart ayında hazırlanaraq Ədliyyə nazirliyinə təqdim olunub. Ötən 11 ay ərzində nazirlikdən bizə heç bir cavab verilmədi. Dəfələrlə nazirliyə şifahi müraciətlər etsək də nazirliyin Qeydiyyat və Notariat baş İdarəsindən təşkilatımızın qeydiyyat sənədləri ilə bağlı bizə aydın və dürüst cavab verilmədi. Keçən ay məcbur olub bu barədə nazirliyə rəsmi sorğu göndərdik. Sorğumuza cavab gecikdirildiyinə görə məcbur olub özüm nazirliyə getdim. Və araşdırma nəticəsində məlum oldu ki, onlar sorğumuzu alıblar və yaxın günlərdə cavab verəcəklər. Eyni zamanda təşkilatımızın sənədləri ilə bağlı bildirdilər ki, nazirlik bizə cavab göndərib, sadəcə məktub ünvanına “yetişməyib”. Mən bildirdim ki, nazirliyin QHT- lərin sorğusuna və həmin təşkilatların qeydiyyatı ilə bağlı müraciətlərinə belə səhlənkar və laqeyd yanaşması doğru deyil və eyni zamanda əlavə etdim ki, mən hər həftə Kür Araz daşqınları ilə bağlı müxtəlif regionlardan onlarla məktub alıram, necə ola bilər ki, Ədliyyə nazirliyinin göndərdiyi belə bir mühüm məktub mənim ünvanına gəlib çatmasın? Digər tərəfdən bizim nazirliyə təqdim etdiyimiz sənədlərdə ünvanımızla yanaşı, iş, ev, mobil telefonlarımız da qeyd olunub. Onlar istəsəydilər cavab məktublarını bizə çatdıra bilərdilər. Bundan da daha önəmlisi odur ki, Ədliyyə nazirliyi 10- cu dəfə təşkilatımızın qeydiyyatından imtina edib. Qeydiyyatdan imtinaya “səbəb” kimi guya təsisçilərdən birinin hansısa sənədə imza atmaması olub (!?). Bu absurd bir cavabdır. Biz sənəddə olan bütün lazımi yerlərdə imzamızı qoymuşuq. Təşkilatın Nizamnaməsindən tutmuş, imza nümunələrinə qədər bütün sənədlərə təsisçilər lazımi imzalarını qeyd ediblər. İclasın qərarları isə iclasın sədri və katibi tərəfindən imzalanıb. Biz daha hansı başqa sənədi imzalamalıydıq ki? Digər tərəfdən hansısa sənədə atılacaq bir imza unudulubsa belə bu kiçik texniki məsələdir, onu yerindəcə də həll etmək olar. Təşkilatımızın 13 ildə dövlət qeydiyyatına alınmaması sırf mənim fəaliyyətimlə bağlıdır. Mən bilirəm ki, təşkilatımızın qeydiyyatı ilə bağlı yüksək səviyyədə müzakirələr olub.

Yaxın günlərdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş İdarəsinin rəhbərliyi ilə görüşüb təşkilatımızın qeydiyyatı ilə bağlı bizə irad tutulan “texniki” məsələnin aradan qaldırılmasına çalışacam. Əks təqdirdə məhkəməyə müraciət etməklə yanaşı, Azərbaycanda insan haqlarının necə tapdandığı, 13 il bir təşkilatın qeydiyyatına imkan verilməməsi ilə bağlı Ədliyyə nazirliyin bizə indiyə qəqər ünvanladığı qanunsuz və absurd cavabları beynəlxalq təşkilatlara, ölkəmizdə keçirilən “Evrovizion- 2012” yarışmasının qalıblərinə göndərmək və s. kimi metodlardan istifadə etməyə çalışacağıq. Belə biabırçılıq olmaz. Bu yanaşma insan hüquqlarına və vətəndaşların sərbəst toplaşmaq, birləşmək azadlığına qarşı hökümətin sevimli kəlmələrindən olan doğrudan da anaoloqu olmayan, yumşaq ifadə etsək hörmətsizlikdir.


Geri qayıt