Əsas Səhifə > Partiya > “BURDA İŞĞAL FAKTI VAR”

“BURDA İŞĞAL FAKTI VAR”


17-02-2012, 13:58
“BURDA İŞĞAL FAKTI VAR”

“PROBLEMƏ DƏ HƏRƏ ÖZ SƏVİYYƏSİNDƏN, MARAĞINDAN YANAŞIR”

Məlum olduğu kimi, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri Eamon Gilmore “dondurulmuş münaqişələrin” həllində “Şimali İrland” modelinin sınaqdan çıxarılmasını təklif edib. ATƏT sədri deyib ki, Şimali İrlandiyada Britaniya və İrlandiya hökumətlərinin beynəlxalq təkan, xüsusilə də ABŞ-ın dəstəyi altında dialoq aparmaq səyləri, güzəştlərə getmək cəsarəti sonradan uzunmüddətli sülh ilə yekunlaşdı və mən inanıram ki, bu təcrübəni bölüşmək ATƏT ərazisində konfliktlərin həllinə yardımçı olardı. Qeyd edək ki, Ermənistan tərəfi Gilmorenin bu təklifinin onlar üçün qəbuledilməz olduğu barədə bəyanat yayıb. Bəs sözügedən model Azərbaycanın maraqlarına necə, uyğundurmu?

Məsələ ilə əlaqədar fikirlərini bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı indiyə qədər bir neçə təklifin verildiyini, münaqişənin həll yolunun göstərildiyini xatırladaraq dedi ki, Qarabağ məsələsi ilə bağlı hamı dəlləklik etmək istəyir. QAT sədrinin fikrincə, problemlərin mahiyyəti tamam fərqlidir: “Bildiyiniz kimi, bu ilin yanvarından ATƏT-ə sədrlik İrlandiyaya keçib. Bu ölkənin xarici işlər naziri ATƏT-in fəaliyyətdə olan sədridir. Problemə də hərə öz səviyyəsindən, marağından yanaşır. Belə ki, 3-4 yüz ildir İrlandiya problemi mövcuddur. Şimali İrlandiya İngiltərənin hakimiyyətini qəbul etmək istəmir. Hər iki tərəfdən insanların qanı tökülür. Bu məsələni Qarabağ münaqişəsinin həllinə nümunə gətirmək tamamilə absurddur. Gilmore misal gətirmək istəyir ki, Londonla Belfast danışığa gedə bildilər, artıq razılıq əldə olunub. Və ola bilsin ki, yaxın illərdə orda müstəqilliklə bağlı referendum keçirilsin. Bu ərəfədə sorğu da keçirilib. Sorğunun nəticələrinə görə, əksəriyyət İngiltərənin tərkibində qalmaq istəyir”.

Akif bəyin qənaətinə görə, ATƏT sədrinin təklifində əsas məqam ondan ibarətdir ki, məsələyə Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalması möveyindən yanaşmaq lazımdır. Yəni bu məsələ Dağlıq Qarabağ probleminə də eyni şəkildə şamil olunmalıdır. QAT sədri hesab edir ki, əgər məsələni bu şəkildə qoyurlarsa müəyyən müzakirələr aparmaq olar: “Amma mən düşünürəm ki, Dağlıq Qarabağ məsələsi indiyə qədər təklif olunan heç bir modelə uyğun gəlmir. Yəni burda işğal faktı var. Dağlıq Qarabağda yaşayan ermənilərin azadlıq hərəkatından söhbət getmir. Onların belə hərəkata heç haqları da yoxdur. Çünki onlar bu əraziyə gəlmədirlər. İrlandlar isə Şimali İrlandiyada 1000-1500 ildir ki, yaşayırlar. İrlandiya öz torpaqlarıdır və İngiltərənin bu əraziləri işğal etməsinə qarşı çıxıblar. Dağlıq Qarabağ məsələsinin kökündə isə o dayanır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərini işğal edib. Ona görə də bu model ermənilərə şamil edilə bilməz”.

A.Nağının fikrincə, təklif olunan model sadəcə bir nümunə kimi göstərilə bilər ki, Şimali İrlandiyada məsələyə bu ərazinin Böyük Britaniyanın tərkibində qalması kimi yanaşılsın, onlara müəyyən özünüidarə hüquqları verilsin və sair. Yəni bu kimi məsələlərdən təbliğat baxımından nümunə kimi bəhrələnmək olar: “Erməniləri narahat edən də elə budur. Onlar hesab edirlər ki, guya artıq Dağlıq Qarabağ müstəqil dövlət kimi fəaliyyət göstərir və bu nəzərə alınmalıdır”.


Geri qayıt