Əsas Səhifə > Araşdırma > CİNAYƏT MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLİR
CİNAYƏT MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLİR20-02-2012, 13:14 |
HƏDƏFDƏ HÜQUQİ ŞƏXSLƏRDİR Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə təklif olunan dəyişiklərlə bağlı qanun layihəsi müzakirə olunub. Qanun layihəsuinə görə, Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı dəyişikliklər ediləcək. Komitə sədri Əli Hüseynli bildirib ki, layihədə əsasən hüquqi şəxslərə tətbiq olunan sanksiyalar əksini tapıb. O, bu dəyişikliyin Azərbaycanın qoşulduğu konvensiyalardan irəli gəldiyini vurğulayıb. Qanun layihəsində hüquqi şəxslərə tətbiq olunacaq cinayət hüquqi tədbirlərin növləri müəyyən edilib. Bu tədbirlərə cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, hüquqi şəxsi ləğv etmə, xüsusi müsadirə daxil edilib. Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur. Qanun layihəsində hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının əsasları və şərtlərı müəyyən edilib. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir. Layihədə qeyd olunur ki, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz. Cərimə işin halları və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur. Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir aşağıdakı hədlərdə təyin edilə bilər: böyük ictimai təhlükə törətməyən cinayətlərə görə 50 min manatdan 75 min manatadək və ya cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək; az ağır cinayətlərə görə 75 min manatdan 100 min manatadək yaxud vurulmuş ziyanın iki mislindən 3 mislinədək miqdarda, ağır cinayətlərə görə 100 min manatdan 125 min manatadək və ya vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda, xüsusi ağır cinayətlərə görə 125 min manatdan 150 min manatadək və ya vurulmuş ziyanın 4 mislindən 5 mislinədək miqdarda cərimə olunacaq. Layihədə qeyd olunur ki, hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə əlavə cəza tədbiri kimi iki yüz min manat miqdarında cərimə təyin edilir. Layihədə hüquqi şəxsin cinayət-hüquqi tədbirlərin tətbiqindən azad edilməsi halları da müəyyən olunub. Geri qayıt |