Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ HƏSƏNOVUN KÖŞK BİZNESİ

ƏLİ HƏSƏNOVUN KÖŞK BİZNESİ


4-10-2011, 16:33
ƏLİ HƏSƏNOVUN KÖŞK BİZNESİ

PA RƏSMİSİNİN KÖKŞLƏRİNİ İŞLƏTMƏK ÜÇÜN 10 MİN MANAT VERMƏLİSƏN

DİA.AZ: - Son günlər Prezident Administrasiyasının rəhbəri Əli Həsənovun mətbuat yayımı biznesinə müdaxilə etməsi ilə bağlı oxucularımıza yetərincə bilgilər vermişik. Bu barədə redaksiyamızın yaydığı məlumatlardan da aydın olurdu ki, mətbuat sahəsinin bütün istiqamətlərində hökmünü yeritməyə çalışan PA rəsmisi yayım işində də «Qasid» firmasını sıxışdırmaqla möhkəmlənməyə çalışır.

Belə ki, rəhbəri millət vəkili Mirkazım Kazımov olan «Qasid» firmasına məxsus köşklək müxtəlif bəhanələr altında sıxışdırılır, onların yerinə isə Əli Həsənova məxsus «Bakıpress» kökşləri yerləşdirilir.

Əslində görünüşcə daha modern olan bu kökşlər əksər paytaxt sakinlərinin gözünü oxşadığından bu proses elə də ciddi ictimai qınağa səbəb olmamışdı. Təbii ilk əvvəl. Amma artıq fəaliyyətə başlayan bu köşklərdən tamam fərqli məqsədlə istifadə olunduğunu görən paytaxt sakinlərinin şikayətləri də artmağa başlayıb. Belə ki, qəzet satışı üçün nəzərdə tutulan yeni modern köşklər əslində minimarket funksiyasını həyata keçirməkdədir. Yəqin ki, bu fakt əksər oxucuların da diqqətini cəlb edib.

Bu barədə “Dünya” İnformasiya Agentliyi (dia-az.life) redaksiyasına çoxlu sayda şikayətlərin edilməsi səbəbindən biz də həmin köşklərdən bir neçəsi ilə maraqlandıq. İlk baş çəkdiyimiz köşk metronun «Elmlər Akademiyası» stansiyası ilə üzbəüz yerləşdirilmişdi. Əslində həmin «köşkə» «köşk» demək də düz deyil. Tam olaraq bir marketdir və köşk adı altında fəaliyyətə başlayan bu obyektdə qəzetlər sanki kosmetik xarakterli xidməti xatırlatmaq üçün yerləşdirilib. Özü də kökşkün pəncərələrinin kənarında. Yəni bir növ kənardakılara «biz hətta qəzet də satırıq» ismarıcının verilməsi üçün. Köşkün daha böyük, yəni əsas hissəsini isə müxtəlif məşhur firmaların siqaretləri, ərzaq məhsulları, şirələr, spirtli içkilər və bir sözlə, minimarketlərdə olan bütün mallar tutub.

Köşkə yaxınlaşdıq. Və müştəri olduğumuza əmin etmək üçün hətta çöplü şirə də alıb içdik. Bir az ordan-burdan danışdıq. Köşkdə çalışan satıcı bizə bildirdi ki, onlar qəzet satışında yox, ərzaqın satışında maraqlıdırlar. «Qəzetdə xeyir var ki?» sualını da bizə verən satıcı köşkün əsas sahibini tanımadığını bildirdi.

Başqa bir köşkü də ziyarət etdik. Orada da eyni mənzərə. Yəni qəzet adı ilə ərzaq malları və hətta uşaq oyuncaqları da satışda var idi. Qəzetlər isə yenə də gözə görünməsi üçün bir kənardan səliqə ilə düzülmüşdü. Yəni satış üçün yox, sanki bəzək xatirinə. Hər iki köşkdə təxminən bir saat vaxt keçirməyimizə və həm də köşklərdə alverin şıdırğı şəkildə getməsinə baxmayaraq kiminsə bu köşklərə qəzet üçün yaxınlaşdığının şahidi olmadıq. Qəzet alanlar ənənəvi qaydada metronun qarşısındakı səyyar qəzet piştaxtalarına yaxınlaşırdılar. Yəni bu kökşlərin sırf olaraq qəzet və kitabların satışı üçün nəzərdə tutulması heç nə ilə xatırlanmırdı.

Bir sözlə, Əli Həsənov əslində bir güllə ilə iki dovşan vurmat marağındadır. Yəni bir yandan yeni köşkləri ilə «Qasid» kimi ən böyük mətbuat yayımı firmasını çökdürür, digər yandan da küçə ticarəti kimi gəlirli bir sahəni ələ keçirir. Nə deyirik, bazar olsun, Əli müəllim…

Bu köşkləri gəzərkən kökş işlədənlərdən biri bizimlə anonim söhbətində maraqlı bir faktı da açıqladı. Sən demə, onlar işlətdikləri köşkün müqabilində hətta Əli Həsənovun adamlarına pul da ödəyiblər: «Köşkü bəri başdan işlədə bilməm üçün 10 min manat pul ödəmişəm. Hər ay da 1000 manat pul verməliyəm. Hələ bilmirəm alver necə gedəcək. Amma indidən yaxşı demək olar. Yəni sərf edir. Həm də dəyib-dolaşan yoxdur. Polislərə də tapşırıldığından kimsə gəlib narahat etmir».

Beləcə, bu xırda araşdırmaların da nəticələri təsdiqləyir ki, Azərbaycanda bütün sahələr ayrı-ayrı məmurların inhisarı altındadır və yaxud da məmurlar tərəfindən inhisara alınmaqdadır. Media istiqamətinin fövqəlqüvvəsi rolunda çıxış edən Əli Həsənov isə son günlər özünün yeni-yeni həmlələri ilə xüsusi olaraq diqqət mərkəzinə gəlir.

Araşdırmalarımız davam edir. Bizi izləyin…


Geri qayıt