Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOVUN TƏHSİL ZİDDİYYƏTLƏRİ

MİSİR MƏRDANOVUN TƏHSİL ZİDDİYYƏTLƏRİ


21-02-2012, 12:42
MİSİR MƏRDANOVUN TƏHSİL ZİDDİYYƏTLƏRİ

NƏDƏN TƏHSİL NAZİRİ 3 İL ƏVVƏLKİ MÖVQEYİNİ TƏKZİB ETMƏLİ OLDU?

DİA.AZ: - Təhsil naziri Misir Mərdanovun təhsil siteminin vəziyyəti ilə bağlı çıxış ciddi rezonansa səbəb oldu. Nazir qeyd edib ki, Azərbaycanda təhsili inkişaf etdirmək üçün tələbə qəbulu sistemini dəyişmək vacib məsələlərdən biridir: «Tələbə qəbulu prosesində tətbiq edilən test üsulunun çox böyük üstünlükləri var, lakin üzbəüz imtahan olmasa, bir sıra peşələrə yiyələnməyə qadir olan insanları seçmək mümkün olmur».

M.Mərdənov əlavə edib ki, «Təhsil haqqında» qanunda dəyişiklik olacaq və orta məktəblərin 12 illik təhsilə keçməsi barədə qərar qəbul ediləcək. Nazirin sözlərinə görə, bundan sonra proqramlar tamamilə yenilənəcək, ümumi orta təhsilin məzmununda, müəllim hazırlığında ciddi dəyişiklik olacaq: «Təhsil haqqında» qanunda dəyişiklik edildikdən sonra dünya təhsil sisteminə inteqrasiya istiqamətində işimizi davam etdirəcəyik. 10-12-ci sinflərdə şagirdlər ali təhsilə gedərkən verəcəyi imtahanlara hazırlaşacaqlar. Bununla Azərbaycanda çox ciddi bir problem olan repititorluğun qarşısının alınması üçün sədd çəkiləcək».

Misir müəllimin bu açıqlamasının test üsuluna, daha doğrusu onun əzəli rəqibi olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədrinə qarşı olduğu açıqdan açığa ortadadır. Amma cənab nazir yalnız rəqibinə qarşı deyil, həm də prezident tərəfindən müəyyənləşdirilən təhsil siyasətinə qarşı çıxır. Çünki TQDK-nın keçirdiyi imtahanlar dövlətin təhsil siyasətinin əsasını təşkil edən tədbirlərdən biridir. Misir Mərdanovun belə bir fikir söyləməyə səlahiyyəti yoxdur. Hökumətin təbələ qəbulu siyasətini TQDK və onun prezident tərəfindən təyin olunmuş sədri apara bilər. Əgər nazirin söylədiyi kimi doğurdan da test üsulunda qüsurlar varsa bəs nə yaxşı Təhsil Nazirliyi buraxılış imtahanlarını test üsulu ilə keçirir? Əslində, orta məktəblərdəki imtahanlar üzbəüz keçirilməlidir. Onları nə üçün mərkəzləşdiriblər? Nazirliyin özü də test alveri ilə məşğul olur. Test kitabçaları və ona dair vəsaitlər dərc edib şagirdlərə satdırırlar. Həmin buraxılış imtahanlarının nəticəsində 20 min şagird attestat ala bilmir.

O ki qaldı nazirin dünyada mövcud olan sivil sistemlərə keçidlə bağlı söylədiklərinə, Azərbaycan təhsil sistemi bu keçidə hazır deyil. Dünya təcrübəsində olan tələbə qəbulu orta məktəbin qiymətləndirilməsi əsasında aparılır. Orta məktəbdə təhsilin səviyyəsi normal olmalıdır ki, şagirdlərin biliyinin dəqiq qiymətləndirilməsi TQDK-nın keçirdiyi qəbul imtahanlarında da özünü göstərsin. İndiki reallıqda isə orta məktəb məzunlarının 70 faizi 0-200 bal yığır.

Digər bir tərəfdən nazirin ölkənin təhsil sistemi ilə bağlı təklifləri ziddiyyətlidir. Məsələn, 2009-cu ildə «Təhsil haqqında» qanun ətrafında müzakirələr gedərkən təhsil naziri 12 illik təhsilin qəti şəkildə əleyhinə çıxırdı. Sadəcə, nazirlik çıxılmaz vəziyyətə düşüb, məktəblərdə təmayülləşməni apara bilmir. 11 illik təhsillə bu mümkün deyil. İcbari təhsili 9 illik etməklə Azərbaycanda təhsili bir addım geri atdılar. Bununla Konstitusiyanın maddəsini kobud şəkildə pozdular. Konstitusiyada icbari təhsil tədrisin son həddi kimi nəzərdə tutulub. Hazırda 11 illik təhsillə Boloniya prosesinə qoşulmağın mümkün olmadığını görən Misir müəllim öz əməllərini təkzib etməyə məcbur qalıb.


Geri qayıt