Əsas Səhifə > Üçüncü sektor > 3-CÜ SEKTOR HƏDƏFDƏ

3-CÜ SEKTOR HƏDƏFDƏ


22-02-2012, 12:17
3-CÜ SEKTOR HƏDƏFDƏ

MALİYYƏ NAZİRLİYİ QHT-LƏRƏ XƏBƏRDARLIQ ETDİ

Qeyri-Hökümət Təşkilatları (QHT) maliyyə hesabatlarını aprelin 1-ə kimi Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası» təsdiq edilib. “QHT-lər (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeyri-hökumət təşkilatları (siyasi partiyalar, həmkarlar ittifaqları, dini birliklər, yerli özünüidarə orqanları, habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədi ilə yaradılan qurumlar və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatları istisna olmaqla) adı çəkilən Qaydaya əsasən Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib edilən illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim etməlidir.

Hesabat dövrü ərzində qeyri-hökumət təşkilatının maliyyə fəaliyyətinin olmaması onu maliyyə hesabatlarını təqdim etmək öhdəliyindən azad etmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir.

Həmin Qaydanın 5.2-ci bəndinə əsasən Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilən müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilib.

Qeyri-hökumət təşkilatları tərəfindən 2011-ci il üçün tərtib edilən maliyyə hesabatları elektron formada Maliyyə Nazirliyinə təqdim edildikdə, bu hesabatlar yalnız Word, Exel, Adobe acrobat (PDF) formatlarında [email protected] email ünvanına göndərilə bilər.
Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:
Tel: 404 46 99, daxili nömrələr 214, 253, 519, 548


Geri qayıt