Əsas Səhifə > Şou-biznes > "MƏN BELƏLƏRİNƏ ŞƏXSİ HƏYATIMI AÇA BİLMƏRƏM"
"MƏN BELƏLƏRİNƏ ŞƏXSİ HƏYATIMI AÇA BİLMƏRƏM"22-02-2012, 13:15 |
“KEYXANIM” ƏRƏ GETMƏK İSTƏYİR Aktrisa Ülviyyə Əliyeva ən böyük tamaşaçı kütləsini televiziya məkanına Keyxanım ləqəbi ilə daxil olandan sonra tapdı. Obraz əvvəllər evdə qalan key xasiyyətli bir qızdan bəhs edirdisə, sonralar ekran onun keyliyini su kimi yuyub apardı, indi o, diribaş, sözünü yerində deməyi bacaran bir xanımdır. Həyatda isə onu xoşxasiyyət, səmimiyyətini hamı ilə paylaşan biri kimi tanıyırıq. Son vaxtlar sözügedən obrazdan başqa, onu seriallarda, "Planeta Parni iz Baku" KVN Teatrının telelayihələrində də izləyirik. Eyni zamanda əyləncəli verilişin aparıcısıdır. Musiqili Komediya Teatrında isə uzun illərdir çalışır. Rejissorlar ona bir neçə dəfə özünə yar axtaran bir ev xanımı obrazını yaraşdırıblar. Elə çəkildiyi "Aramızda qalsın" serialında da motiv eyni idi. Amma ssenariyə görə, ona vurulan biri ilə evlənməklə serialdakı işini dayandırır. Şəxsi həyatında bir dəfə uğursuz evlilik yaşayan aktrisa ilə söhbətimizdə bəlli oldu ki, taleyi ilə obrazı arasında bəzi oxşarlıq var. Yəni ömrünü bütünlüklə sənətə həsr etmək niyyəti yoxdur. İkinci evliliyi düşünür. Milli.Az-a danışır ki, onun da ömür yarına ehtiyacı var. "Hər bir qadın kimi, ailə xanımı olmaq mənim də arzumdur. İlk ailə həyatım uğursuz oldu. Amma ikinci dəfə qərar verdiyim təqdirdə, bu səhvi təkrarlamamağa çalışacam", - deyən aktrisadan öyrənirik ki, əslində, ona bəy olmaq istəyən namizədlər çoxdur. Amma onlar aktrisanın prinsiplərinə uyğun deyillər: "Söhbət var-dövlətdən getmir. Mən kişi xasiyyətli bir bəylə ailə həyatı qurmağa qərar verə bilərəm. Deyirlər ki, aktyor həm də psixoloqdur. Hər bir obrazı oynaya bilirik. Bu nöqteyi-nəzərdən biz insanları yaxşı tanıya bilirik. Mənə evlilik məqsədi ilə yanaşanların xasiyyətini, niyyətini anlaya bilirəm. Onlar mənim ailə başçısı kimi görmək istədiklərim deyillər. Hər bir xanım istəyir ki, ömür yoldaşı kişi xasiyyətinə malik biri olsun. Elə insanlar var ki, 40 yaşındadırlar, lakin kimdənsə asılı vəziyyətdə yaşayırlar. Mən belələrinə şəxsi həyatımı aça bilmərəm. Ona görə də hələlik namizədlərin heç biri "hə" deyəcəyim insanlar deyil". Geri qayıt |