Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > MOSKVADA ÇALINAN QARABAĞ ŞİKƏSTƏSİ

MOSKVADA ÇALINAN QARABAĞ ŞİKƏSTƏSİ


22-02-2012, 16:24
MOSKVADA ÇALINAN QARABAĞ ŞİKƏSTƏSİ

MÜZƏFFƏR ZİYALILARIMIZ QARABAĞA DOĞRU DAHA BİR ADDIM İRƏLİLƏDİLƏR

DİA.AZ: - Hə, yenə də köhnə simalar, köhnə ZİYALILAR…. Getmişdilər Moskvaya ki, Qarabağı geri alsınlar. Yəni bizə elə deyirlər. Bizə elə başa salırlar. Başqa nəyə gediblər ki? Erməni həmkarları ilə başqa nə üçün görüşürlər ki? Və yaxud da bu görüşlərini başqa hansı səbəbdən ictimailəşdirirlər ki?

Təbii ki, QARABAĞI ALMAĞA GEDİBLƏR…

Yəni qan tökülməsini istəmirlər. Bu yolla Qarabağı alacaqlar. Adına XALQ DİPLOMATİYASI deyirlər bu yolun. Yəni Xalqın iştirakı olmadan bir şeyin alınmasına belə deyilir.

Bir dəfə də almağa cəhd eləmişdilər. Hətta onda Xankəndinə qədər gedib çıxdılar. Düzdür, sonradan orada daimi qala bilmədilər. Necə getmişdilər, eləcə də qayıtdılar. Yadda qalanı yalnız o oldu ki, adını ZİYALI qoyub burdan gedənlərdən biri ermənilərdən hansınınsa bayıssı ilə maraqlanmışdı.

Beləcə Qarabağ problemi NAMUS SÖHBƏTİ ilə malalanmışdı.

Bilmirəm nə oldu, nə iş baş verdi, yenə də Qarabağa getmək ağıllarına gəldi. Yəqin millətin gic damarından ehtiyatlanıb bu cür hamarlama işi ilə məşğul olurlar. Olur də… Bir də görürsən həkim dəlisov adama sakitləşdirici iynə-dərman yazır. İndi bu YAP ZİYALILARI da bizim üçün iynə-dərmandırlar. Birdən çaşıb Qarabağı necə vermişiksə elə də almaq istəyərik, yəni müharibə etmək fikrinə düşərik….

Ona görə də Polad Bülbüloğlu, Kamal Abdulla və digər bu kimilər meydana düşüb bizim əvəzimizdən, XALQIN ƏVƏZİNDƏN Qarabağı almaq üçün Moskvaya gediblər.

Moskva demişkən, məkan da təsadüfən seçilməyib. Ömrü boyu rusa nökərçilik edib, sonradan da rusvarilərə qulluq edənlərin nicatı Moskvada araması heç də təsadüfi deyil.

Hə, onları təbrik edə bilərsiniz. Bugünkü görüşdə QARABAĞDAN danışıblar. Sonra da gediblər yeyib-içməyə. Bəs necə? Nə də olmasa, biz axı Qafqazlıyıq… Harasa köçüb gedəsi deyilik axı… Heç ermənini də burdan köçürə bilmərik axı… Əbədi qonşuyuq axı…

Axı… Axı… və yenə də AXI….

Çünki bizlər çoxdan hər şeyi unutmuşuq. Ermənilərin bura köçüb gəldiyini də, birilərinin gəldiyi yerə qədər qovma qüdrətini də… Eləmi, qaqalar?!

P.S. Yeri gəlmişkən, bu gün ZİYALILARIMIZN qucaqlayıb dodaqlarını əmdikləri ermənilər 20 il əvvəl elə bu tarixlərdə Xocalı adlı türk şəhərini yer üzündən siliblər. Yəni erməni deməyib ki, əşi, “Xocalı şəhərini köçürəsi deyilik ki”...

Anar - DİA.AZ

Geri qayıt