Əsas Səhifə > Sosial, Manşet > NƏQLİYYAT NAZİRLİYİNİN “MAYOVKASI”

NƏQLİYYAT NAZİRLİYİNİN “MAYOVKASI”


29-02-2012, 13:27
NƏQLİYYAT NAZİRLİYİNİN “MAYOVKASI”

ZİYA MƏMMƏDOV SOVET MAŞINLARINA QARŞI ƏMƏLİYYAT HAZIRLAYIB

DİA.AZ: - Bu ilin yanvar ayında köhnə sovet maşınlarının taksi kimi fəaliyyət göstərməsini əngəlləməyə çalışan nəqliyyat nazirliyi sonradan narazı sürücülərin qarşısından geri çəkilməli oldu. Lakin məlum oldu ki, əslində bu geriçəkilmə müvəqqəti imiş. Bu barədə mətbuata açıqlama verən NN-nin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərindən belə aydın oldu ki, nazirlik 1 may tarixindən etibarən sovet maşınlarının taksi kimi fəaliyyətinə yol verməyəcək.

Bu barədə redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, köhnə sovet maşınları ilə yanaşı, eyni zamanda 1996-cı ilə qədər istehsal olunmuş digər xarici istehsal olan maşınlara da qadağa qoyulacaq, yəni onların taksi kimi xidməti əngəllənəcək.

Bütün bu tədbirlərin sırf olaraq «Avroviziya-2012» mahnı yarışması ilə əlaqədar olduğunu bildirən mənbəmiz vurğuladı ki, əslində bununla bağlı NN daxilində də fikir ayrılığı olub: «Əvvəl həmin taksi maşınlarının yalnız şəhərin mərkəzi rayonlarında fəaliyyətinin əngəllənməsi ideyası mövcud olub. Lakin sonradan birbaşa olaraq nəqliyyat naziri Ziya Məmmədov yekun sözü deyib və sovet maşınlarının birdəfəlik yığışdırılmasına göstəriş verib».

Bir başqa məlumatlı mənbə isə bildirir ki, 1 may tarixində sovet maşınlarına qarşı xüsusi əməliyyat da hazırlanıb: «Bəlkə də gecəynən bütün sovet maşınları, təbii ki, taksi kimi fəaliyyəti təsbit olunan sovet maşınları yığışdırılacaq. Kimsənin də hansısa formada etiraz etməsinin qarşısı da ciddi şəkildə əngəllənəcək».

Mənbəmiz bildirir ki, indidən həmin köhnə sovet maşınlarının siyahısı tutulmaqda, onların sahibləri ilə bağlı məlumatlar toplanmaqdadır.


Geri qayıt