Əsas Səhifə > Partiya > “ARİF HACILININ MÜRACİƏTİ MƏHKƏMƏYƏ ÇATMAYIB”

“ARİF HACILININ MÜRACİƏTİ MƏHKƏMƏYƏ ÇATMAYIB”


29-02-2012, 13:33
“ARİF HACILININ MÜRACİƏTİ MƏHKƏMƏYƏ ÇATMAYIB”

VƏKİLİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

Vəkil Nemət Kərimli 2011-ci il aprelin 2-də İctimai Palatanın Bakının mərkəzində keçirmək istədiyi etiraz aksiyası zamanı saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə görüşüb. Bu barədə “Yeni Müsavat”a N.Kərimli məlumat verib.

Vəkil bildirib ki, Arif Hacılının saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Onun səhhəti normaldır. “Fevralın 28-də Arif Hacılı ilə 16 saylı cəzaçəkmə müəssisəsində görüşdüm. Narazılığı yox idi”- deyə vəkil bildirib. N.Kərimli deyir ki, A.Hacılı daha yüngül cəza çəkməsi ilə bağlı müraciət edib, ancaq ərizəsi məhkəməyə çatmayıb: “Bizə məlum olan qədər məktubun gedib çatmamısında cəzaçəkmə müəsissəsinin rəhbərliyinin yox, Penitensiar xidmətin rəhbərliyinin maneçiliyi olmuşdur. Konkret kimin bunu etdiyi barədə araşdırma aparılır”. Vəkil bildirib ki, müraciəti yaxın günlərdə məhkəməyə göndərəcək: “Cəzaların İcrası Məcəlləsində, Cinayət Məcəlləsində məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi nəzərdə tutulub. Cəzanın üçdə-birini, üçdə-ikisini çəkənlər cəzadan vaxtından əvvəl azad olunmaq hüququna malikdirlər. Və bu hüquqlarından istifadə edə bilərlər”.

Arif Hacılının qardaşı Vaqif Hacıbəyli isə bildirdi ki, vicdan məhbuslarının müraciətlərinin lazımi ünvana çatmaması ilə bağlı problem hələ də qalmaqdadır: “Vicdan məhbuslarına qarşı bir ayrı-seçkilik hökm sürür. Bu, onu göstərir ki, hakimiyyət vicdan məhbuslarının həbsdən azad edilməsinə qarşıdır. Arif Hacılının müraciəti də məhkəməyə çatmayıb. Biz vəkillə müqavilə bağladıq, yenidən müraciət ediləcək. Bildirmək istəyirəm ki, hər dəfə vəkil tutmağa da maddi imkan yoxdur. Mən ölkədəki siyasi partiyalara və hüquq müdafiəçilərinə müraciət edib, bu problemlə məşğul olmağa səsləyirəm. Və Ombudsmana da mətbuat vasitəsilə müraciət edib, bildirmək istəyirəm ki, vicdan məhbusları ilə bağlı bu problem qalmaqdadır”.

Penitensiar xidmətin mətbuat xidmətindən isə bildirdilər ki, problemlə bağlı araşdırma aparıb, məlumat veriləcək. Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. A.Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Oktyabrın 3-də Səbail Rayon Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.


Geri qayıt