Əsas Səhifə > Sosial, Manşet > OQTAY ŞİRƏLİYEVİN «REANİMASİYA BİZNESİ»

OQTAY ŞİRƏLİYEVİN «REANİMASİYA BİZNESİ»


5-10-2011, 13:52
OQTAY ŞİRƏLİYEVİN «REANİMASİYA BİZNESİ»

XƏSTƏXANALARDA REANİMASİYA ŞÖBƏLƏRİ SATIŞA ÇIXARILIB

DİA.AZ: - Səhiyyə sistemindəki özbaşınalıqlarla bağlı məlumatlar dəfələrlə mətbuat səhifələrində işıqlandırılsa da, hələ də bu istiqamətdə hansısa samballı addımın atılmaması sözügedən sahədəki biabırçılıqların daha da geniş vüsət almasına nədən olmaqdadır. Elə bunun nəticəsidir ki, bu gün bütün ölkədə korrupsiya ilə mübarizə aparılsa da, hansısa ağ xalatlının burnu belə qanamayıb.

Halbuki dəfələrlə ölkə miqyasında keçirilən sorğuların nəticələrində və əsas olaraq gündəlik həyatımızda şahidi olduqlarımızda da diqqətə gələni odur ki, səhiyyə sistemi bu gün ən çox korrupsiyaya uğramış istiqamətlərdən biri və bəlkə də birincisidir. Doğrudur, bunu ayrı-ayrı dönəmlərdə müxtəlif dövlət rəsmiləri də etiraf ediblər. Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov həbsə atılarkən onun ardından danışan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirmişd ki, Azərbaycan səhiyyəsi rüşvət altında inildəyir.

Bəs nə baş verir? Nədən bu boyda korrupsiya ilə mübarizə şousu səhiyyə sistemini öz ağuşuna almır? Ola bilməz ki, Oqtay Şirəliyev nazir postuna yiyələndikdən sonra hər şey gözəlləşib və xəstəxanalar gül-çiçəyə qərq olub. Mümkün deyil ki, bu müddət ərzində Oqtay Şirəliyev dünənə qədər rüşvət alan həkimləri, tibb işçilərini yeni rüşvətsiz həyata alışdırsın.

Təbii ki, Oqtay Şirəliyev səhiyyə naziri olandan sonra tibb sahəsində çox şeylər dəyişdi. Amma daha çox pisə doğru. Artıq səhiyyəyə aid elə bir sahə mövcud deyil ki, inhisarlaşmasın, yəni hansısa məmurun nəzarəti altına keçməsin. Bu gün dərman bazarından tutmuş tibbi xidmət bazarına qədər hər şey məmurlar arasında paylaşdırılıb. Və bu da əslində korrupsiyanın daha da çiçəklənməsi ilə müşaiyət olunur.

Maraqlı orasıdır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə səhiyyə sistemi ilə bağlı yetərincə şikayətlərin edilməsinə baxmayaraq, bu şikayətlər də məhz Oqtay Şirəliyevin hakimiyyət içindəki nüfuzu səbəbindən diqqət mərkəzinə düşə bilmir. Hətta bu yaxınlarda narkodispanserdə baş verən olay da bunu təsdiqlədi. Yəni Oqtay Şirəliyev bu gün hansısa həkiminin rüşvətə görə həbsdən saxlayacaq qədər qüdrətlidir.

Və bu qüdrət bu gün xəstəxanalarda biabırçı vəziyyətin daha da genişlənməsinə rəvac verir. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) müraciət edən şikayətçilər ortaya yeni faktları qoyublar. Və bu faktlar mövcud mənzərənin hansı şiddətdə biabırçı olmasını sübutlayır.

Şikayətçilər bildirir ki, əvvəllər xəstəxanalarda ağır xəstələr üçün nəzərdə tutulan reanimasiya şöbələri indi həkimlərin və baş həkimlərin, şöbə müdirlərinin qazanc yerinə çevrilib. Bu barədə şikayətçilərin söylədikləri:

«Dünənə qədər əgər ağır xəstələr reanimasiyada yatırdısa, indi palatalarda müalicə olunmalı olan xəstələr də bu şöbədə saxlanılır. Təbii ki, bunun müqabilində pul verilməlidir. Xəstə yaxınları da öz xəstələrinin xüsusi diqqət altında saxlanılması üçün baş həkimlərə və şöbə müdirlərinə pul ödəyirlər».

Ayrı-ayrı xəstəxanalarda reanimasiya şəraitinin qiymətinin müxtəlif olduğunu bildirən şikayətçilərin sözlərinə görə, bu rəqəm 500-1000 manat arasında dəyişir: «Hər xəstəxananın öz qiyməti var».

Bu hesab-kitab nəticəsində real reanimasiyalıq xəstələr üçün xəstəxanalarda yerin tapılmadığını bildirən şikayətçilər söyləyirlər ki, bu günlərdə «Respublikanski» xəstəxana kimi tanınan tibb müəssiəsinin birinci korpusunda biabırçı bir olay da yaşanılıb: «Belə ki, reanimasiyalıq xəstələrdən biri palata şəraitində saxlanıldığından və ona gərəkən tibbi diqqət ayrılmadığından əslində sağalması mümkün olan xəstələrdən biri dünyasını dəyişib. Onu yalnız son anda, yəni ölümünə dəqiqələr qala reanimasiya şöbəsinə yerləşdirdilər. Xəstə yaxınlarının rayonda olması bu şərait üçün həkimlərə əlverişli fürsət yaradıb».

Bir sözlə, bu gün Oqtay Şirəliyevin xəstəxanalarındakı durumun Əli İnsanovun dönəmi ilə müqayisə olunmayacaq qədər şiddətli formada pisləşdiyini söyləyən şikayətçilər bildirdilər ki, səhiyyə naziri «reanimasiya biznesindən» hər xəstəxanadan orta hesabla bir ay ərzində 20-30 min manat pul yığır.

Bu da sizə daha bir korrupsiya faktı. Hər halda, bu məsələnin müvafiq dövlət qurumları tərəfindən cidiyə alınmasına və ciddi şəkildə araşdırılmasına ehtiyac var. Çünki söhbət insanlarımızın sağlamlığından gedir.


Geri qayıt