Əsas Səhifə > Partiya > MÜXALİFƏT QUBAYA GÖRƏ NARAHATDIR

MÜXALİFƏT QUBAYA GÖRƏ NARAHATDIR


1-03-2012, 15:11
MÜXALİFƏT QUBAYA GÖRƏ NARAHATDIR

ÜMİD PARTİYASI QUBA OLAYLARI İLƏ BAĞLI BƏYANAT VERDİ

“Bu gün Quba şəhərində baş vermiş hadisələrdən Ümid Partiyası təəssüfləndiyini bildirir və bu məsələdə hakimiyyətin məsuliyyət daşıdığını bəyan edir. Bir neçə gün bundan öncə Quba rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi haqqında etik normalara sığmayan ifadələri və təhqirləri bu hadisələrin baş verməsinə səbəb olmuşdur” .

Belə bir bəyanatla Ümid Partiyası çıxış edib. Bəyanatda qeyd olunur ki, icra başçısının çıxışı müxtəlif saytlarda yayımlanandan sonra mərkəzi hakimiyyət onun haqqında qanuna müvafiq tədbir görsəydi yəqin ki, hadisələr bu məcrada inkişaf etməzdi.

İcra başçısının əhali ilə davranışı onu göstərdi ki, yerli icra hakimiyyəti başçıları öz vəzifələrini ölkə Konstitusiyası və qanunlarına müvafiq deyil, məhz özləri üçün müəyyənləşdirdikləri şəxsi idarəçilik prinsiplərinə uyğun icra edirlər. Əslində bu cür idarəetmə sistemi yalnız Quba rayonunda deyil, ölkənin bütün ərazilərində hakimdir. İdarəetmə sistemi qanuna, hüquqa, demokratik prinsiplərə deyil, xan, padışah üsul-idarəsinə söykənir. Hər bir rayonun icra başçısı vəzifəsinin rayon əhalisinə xidmət etmək olduğunu unudub, özünü həmin rayonunun məhz ağası kimi təsəvvür edir. Bu cür idarəetmə sisteminin kökündən yanlış olduğunu dəfələrlə bəyan edən Ümid Partiyası hakimiyyəti Quba rayonunda baş verən hadisələrdən nəticə çıxarmağa və təcili olaraq siyasi islahatlara başlamağa çağırır. Əks halda hakimiyyət bu cür ciddi proses və sürprizlərlə daha çox qarşılaşmalı olacaqdır. Nəticədə isə Quba rayonundan başlayan bu hadisə regionunda baş verən proseslər fonunda Azərbaycan dövlətçiliyinin zəiflədilməsinə gətirib çıxara bilər.
Ümid Partiyası bir daha dövlətçiliyin möhkəmləndirilməsi, gələcək inkişafı naminə hakimiyyəti dərhal siyasi islahatlar aparmağa, ölkədə barış və vətəndaş həmrəyliyi üçün müxalifətlə dialoqa çağırır.


Geri qayıt