Əsas Səhifə > Partiya > “MƏHKƏMƏ SİFARİŞ YERİNƏ YETİRİR”

“MƏHKƏMƏ SİFARİŞ YERİNƏ YETİRİR”


5-10-2011, 14:13
“MƏHKƏMƏ SİFARİŞ YERİNƏ YETİRİR”

MÖVSÜM SƏMƏDOV SON SÖZÜNÜ DEDİ

Oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıqda ittiham olunan İslam Partiyasının sədri Mövsüm Səmədov və daha 6 nəfər son sözlə çıxış edir.

M.Səmədov son sözlə çıxışında bildirib ki, «Məhkəmə sifariş yerinə yetirir, şahidlərdən isə aldatma və təzyiq yolu ilə ifadələr alınıb». O deyib ki, başqalarının da həbs olunması onun 2 yanvar çıxışına görədir.

Məhkəmə zalına isə müttəhimlərin qohumlarının çoxu buraxılmayıb. Məhkəməyə gələnlərdən biri Sərdar Hacıhəsənli Azadlıq Radiosuna bildirib ki, məhkəmə binasını polis mühasirəyə alıb, adamları sıxışdıraraq zorla ərazidən uzaqlaşdırıblar: «Polislər, mülkigeyimli şəxslər qadın-kişi bilmir, yumruq, təpik atır, üstümüzə qışqırır, alçaldıcı sözlər deyirlər».

Bu iş üzrə ibtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. İttihama görə, M.Səmədov rəsmi dövlət qeydiyyatı olmayan İslam Partiyasına daxil olan bir neçə nəfərlə ölkədə terrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib.

İstintaq orqanı cinayət işinin başlanmasına əsas kimi M.Səmədovun yanvarın 2-də hicabla bağlı çıxışını göstərib. İttiham aktında qeyd olunur ki, partiyanın hazırda həbsdə olan üzvləri, o cümlədən M.Səmədovun həbsdə olan qohumları ətrafında aparılan əməliyyatlar zamanı silahlar aşkar edilib.

Ancaq M.Səmədov və onunla birlikdə həbs olunanlar ibtidai istintaqa verdikləri ifadələrində özlərini təqsirli bilmədiklərini deyiblər. Onlar silahların yaşadıqları mənzilə kənardan atıldığını bildiriblər.


Geri qayıt