Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “AZERCELL” JURNALİSTİ TƏHQİR ETDİ

“AZERCELL” JURNALİSTİ TƏHQİR ETDİ


2-03-2012, 15:52
“AZERCELL” JURNALİSTİ TƏHQİR ETDİ

“OLAYLAR”IN MÜXBİRİ ŞİRKƏTİN OĞURLUĞUNUN QURBANI OLUB

Azərbaycanın mobil operator bazarında hegemonluq edən “Azərcell” şirkəti abunəçiləri aldatmaqda davam edir. Abunəçiləri soymaqla məşğul olan bu şirkət abonentlərdən əsassız pul silməklə məşğuldur. Bir neçə gün öncə əməkdaşımız da bu cür özbaşınalıqla rastlaşıb. Əməkdaşımızın “Azərcell” telefon nömrəsindən bir anda 3 manat 52 qəpik pul silinib.

Əməkdaşımızın dediyinə görə, hadisə fevralın 28-də axşam saatlarında baş verib: “Axşam saat 22:02 radələrində nömrəmin balansında 3 manat 57 qəpik var idi. Həmin vaxt bir nəfərlə 4 qəpik danışdım və balansdan 4 qəpiklik silinmə barədə məlumat verildi. Təxminən iki dəqiqə sonra telefonun ekranına belə bir sms gəldi: “Son istifadə 3 manat 32 qəpik, balans 0 qəpik”. Heç bir əsas olmadan balansdan bu qədər məbləğin silinməsinin səbəbini öyrənmək üçün “Azercell”-in müştəri xidmətlərinə zəng etdim. Təxminən 10 dəqiqə gözləyəndən sonra qarşı tərəfdən operator cavab verdi. Başıma gələn əhvalat barədə xanım operatora məlumat verdim və 050 679 27 99 saylı nömrəm qeydə alındı. Xanım operator məni arxayın etdi ki, məsələ araşdırılacaq, ehtiyac yarandığı təqdirdə mənə izahlı qaimə təqdim ediləcək. Elə bununla da hər şey bitdi. Təxminən iki gün “Azərcell”dən xəbər çıxmadı. Martın 1-də günün birinci yarısında “Azərcell”dən 050 65100 saylı telefondan nömrəmə zəng gəldi və bir kişi operator müraciət etdiyimi soruşdu. Həmin şəxs heç bir araşdırma aparmadan mənə bildirdi ki, guya telefonumdan kimsə internet xidmətinə görə istifadə edib və ona görə həmin məbləğ silinib. Mən isə israr etdim ki, məsələni araşdırmaq üçün izahlı qaiməyə müraciət etsinlər. Çünki, mən həmin vaxt “Azərcell”in heç bir internet xidmətindən istifadə etməmişəm. Nəhayət, həmin şəxs mənə izahlı qaimə təqdim ediləcəyinə söz verib telefonu qapatdı”. Əməkdaşımızın dediyinə görə, həmin gün “Azərcell”dən ona heç bir zəng olmayıb. Bir sutkadan artıq vaxt keçəndən sonra isə “Azercell”dən olunan zəng zamanı operator olduqca kobud davranışla şikayətə baxılmayacağını deyib: “Bir nəfər oğlan zəng edib “Azərcell”dən olduğunu bildirdi və mənim şikayət etməyimi kobudluqla qarşıladı. Həmin şəxs “Sizin müraciətiniz araşdırılıb, heç bir problem olmayıb, həmin məbləğ “Azərcell” tərəfindən özbaşına silinməyib, gedin fikirləşin ki, sizin telefonu kim istifadə edib, balansı hara xərcləyib” dedi. Operatordan xahiş etdim ki, mənə izahlı qaimə təqdim edilsin və istifadə etdiyim xidmətləri və zəngləri dəqiqləşdirim. Operator isə bildirdi ki, “Azərcell” mənə heç bir izahlı qaimə təqdim etməyə borclu deyil və bunu etməyəcək də. Operator kobud davrandıqca özümü sakit aparıb ondan yalnız xahiş etdim. O isə hər danışdıqca səsini daha da qaldırırdı. Ondan soruşdum ki, “Azərcell”dən mənə bildirmişdilər ki, ehtiyac olacağı təqdirdə mənə izahlı qaimə təqdim olunacaq. Operator isə yenə də kobudluqla” Demişik, indi vermirik, vəssalam” deməklə telefonu qapatdı”.

Əməkdaşımızın dediyinə görə, hadisədən 3 gün geçməsinə baxmayaraq “Azercell” ona nə izahlı qaimə təqdim edir, nə də əsassız silinən məbləği qaytarmır. Əlacsız qalan şikayətçi hüquqlarının müdafiəsi üçün aidiyyəti qurumlara müraciət edəcək.

OLAYLAR


Geri qayıt