Əsas Səhifə > Güney Press, Üçüncü sektor > FƏLƏSTİNİN BİZƏ İŞİ DÜŞÜB

FƏLƏSTİNİN BİZƏ İŞİ DÜŞÜB


3-03-2012, 14:09
FƏLƏSTİNİN BİZƏ İŞİ DÜŞÜB

“ÜZV SEÇİLMƏYİMİZDƏ AZƏRBAYCANIN DƏSTƏYİNƏ İNANIRIQ”

Fələstin Prezident Administrasiyasının rəhbəri Hüseyn Rabaya son vaxtlar Fələstinə göstərdiyi dəstəyə, o cümlədən Fələstinin Bakıda səfirliyinin açılmasına və beynəlxalq arenada, UNESCO kimi təşkilatlarda verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

H.Rabaya APA-ya açıqlamasında Fələstinin UNESCO üzvlüyünə qəbul olunması prosesində Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb. O, Fələstinin bir sıra rəsmilərinin, o cümlədən prezident Mahmud Abbasın səfər etdiklərini xatırladıb: “Bu səfərlər çox məhsuldar oldu. Fələstin xalqı bu əməkdaşlığı yüksək qiymətləndirir”.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Fələstin tərəfi alimlərin və iş adamlarının qarşılıqlı səfərlərində maraqlıdır: “Perspektivdə iki ölkənin özəl sektorları arasında əməkdaşlıq da mümkündür. Biz müsəlman və xristianlar üçün dini turizm adlandırılan müqəddəs yerlərdə azərbaycanlıları görməkdən şad olardıq”.

H.Rabaya Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib: “Bu, həm də bizim qələbəmizdir. Biz çox sevinirik ki, bizə dost olan ölkə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. BMT-nin tamhüquqlu üzvü seçilmək üçün Azərbaycanın dəstəyinə ümid edirik. Bu məsələdə Azərbaycanın dəstəyinə şübhə etmirik”.

Azərbaycan və Fələstində mövcud olan həll olunmamış münaqişələrlə bağlı sualı cavablandıran administrasiya rəhbəri uzun müddət işğal və zorakılıqdan əziyyət çəkdiklərini bildirib: “Sonda strateji qərar qəbul etdik ki, münaqişə yalnız sülh yolu ilə və beynəlxalq normalar çərçivəsində həll olunmalıdır. Hesab edirik ki, digər ölkələrdə yaranmış münaqişələr də sülh yolu ilə həll olunacaq. Çünki müharibə bədbəxtlik və dağıntılardan başqa heç nə gətirmir. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi də sülh yolu ilə həll olunacaq”.

“Ərəb baharı”nın Yaxın Şərq münaqişəsinin həllinə necə təsir edəcəyi barədə suala cavabında H.Rabaya deyib ki, “ərəb baharı” hadisələri bütün diqqətləri, o cümlədən KİV-in diqqətini Yaxın Şərq münaqişəsindən yayındırıb və Fələstinə maliyyə yardımının azalmasına səbəb olub: “Biz demokratik dəyişiklikləri qiymətləndirir və üçüncü ölkələrin işinə qarışmırıq. Bizim bütün ərəb ölkələri ilə yüksək səviyyəli münasibətlərimiz mövcuddur, amma onların daxili işlərinə müdaxilə etmirik”.


Geri qayıt