Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİNİN “BOKS ALVERİ” YENİDƏN GÜNDƏMDƏ

FHN ŞEFİNİN “BOKS ALVERİ” YENİDƏN GÜNDƏMDƏ


5-10-2011, 15:06
FHN ŞEFİNİN “BOKS ALVERİ” YENİDƏN GÜNDƏMDƏ

BEYNƏLXALQ ALƏMİN ŞÜBHƏLƏRİ BİTMİR

“Foreign Policy Association” İnternet nəşri qarşıdakı London olimpiadasında iki qızıl medal qazanmaq məqsədilə Azərbaycanın rəsmi şəxslərinin Beynəlxalq Boks Federasiyasını ələ almaq cəhdləri ilə bağlı BBC–nin materialının ətrafında yaranmış qalmaqal barədə Karl Raderin məqaləsini dərc edib.

Bu reportaj böyük qalmaqala və bu işin araşdırılması üzrə xüsusi komitənin yaradılmasına səbəb olub.

Belə ki, BBC-nin “Newsnight” proqramı sentyabrın 22-də göstərib ki, Beynəlxalq Həvəskar Boks Federasiyası iki azərbaycanlı boksçunun Olimpiya qızıl medalı ilə təmin olunmasının müqabilində İsveçrə bankının vasitəsilə Azərbaycanda gizli mənbədən ən azı 9 milyon dollar alıb.

“Newsnight” adları çəkilməyən iki nəfərə, həmçinin Assosiasiyanın direktoru İvan Xodabaşla Azərbaycan hökumətindəki məmur arasında elektron yazışmaya istinad edib. Reportajda FHN əməkdaşının nazir Kəmaləddin Heydərovun adından Xodabaxşa göndərdiyi məlumat yer alıb.

Bildirək ki, K.Heydərov Boks Federasiyasının rəhbəridir, Azərbaycanda üç və ya dörd ən nüfuzlu şəxslərdən biridir. Onun ailəsi isə “Azərbaycanda ikinci ən güclü kommersiya ailəsi” kimi qiymətləndirilir.

Öz növbəsində Boks Assosiasiyası bildirib ki, nazir naməlum azərbaycanlı investorun adından hərəkət edib və onun bu işə şəxsən bağlılığı barədə heç bir sübut yoxdur. Odur ki, pulların şəxsən Heydərovdan və ya Azərbaycan hökumətindən daxil olduğunu söyləmək olmaz.

Lakin Assosiasiyasının nümayəndələri bildiriblər ki, informasiya mənbəyi keçmiş narazı əməkdaşdır və o, işdən çıxarılıb. Əsasən Ceff Bens nəzərdə tutulur. O, əvvəllər ABŞ Olimpiya Komitəsinin baş hüquq məsləhətçisi olub. İşdən çıxarılmasına marketinq strategiyası və xərclərlə bağlı Xodabaxşla münaqişəsi səbəb olub.

Lakin araşdırma müəllifi bu qədər böyük məbləğin yalnız qızıl medallar haqda vədlərin müqabilində olması ehtimalını şübhə altına alır. Bununla belə, BBC-nin ən güclü sübutları iki anonim mənbədir. Belə ki, onlar bildiriblər ki, pulun müqabilində olimpiya medalları azərbaycanlı boksçulara veriləcək.

Assosiasiya ittihamları rədd edərək bildirib ki, bu, xarici investorla qanuni sövdələşmə olub, onun əksini söyləyənlər isə vaxtilə Assosiasiyadan kənar ediliblər.

Məqalə müəllifi qeyd edir ki, belə olan vəziyyətdə ən yaxşı variant müstəqil araşdırmanın aparılmasıdır. Çünki Assosiasiyanın daxilində aparılan yoxlama çətin ki obyektiv olsun.

Qeyd edək ki, bu ilin aprelində Boks Assosiasiyasının ABŞ bölməsinin işçilərindən biri Erik Parten Assosiasiya rəhbərliyinə qarşı iddia qaldıraraq onu 2010-2011-ci illərdə hər biri 5 milyon dollar olmaqla üç tranşda 15 mln. dolların idmançılara verilməməsində ittiham edib. Bu, dolayısı ilə göstərə bilər ki, Assosiasiya naməlum azərbaycanlı investorun vəsaitindən öz problemlərinin həllində istifadə edə bilər.

Murad TƏHMƏZOV DİA.AZ - FHN ŞEFİNİN “BOKS ALVERİ” YENİDƏN GÜNDƏMDƏ

Geri qayıt