Əsas Səhifə > Dünya > "COŞMAQ VAXTI DEYİL"

"COŞMAQ VAXTI DEYİL"


5-03-2012, 12:23
"COŞMAQ VAXTI DEYİL"

"MÜHARİBƏ BAŞ VERSƏ, QALİB GƏLƏN İSRAİL OLACAQ"

Ötən gün ABŞ-da Amerika-İsrail İctimai Əlaqələr Komitələri Konfransı keçirilib. Hər il keçirilən və İsrail-ABŞ münasibətlərinin yaxşılaşmasına xidmət edən konfransa ABŞ prezidenti Barak Obama da qatılıb. Minlərlə insanın iştirak etdiyi konfransda Obama İsrail lobbisi ilə bır sıra görüşlər keçirib. İranın qalmaqallı nüvə proqramı konfransda ən qaynar mövzulardan olub. Konfransda Obama İranın nüvə silahı əldə etməsinə əngəl olmaq üçün istənilən yolun istisna edilmədiyini desə də, hazırkı zaman üçün “coşmaq vaxtı olmadığını” bildirib. Obama bunun istər İsrail, istərsə də ABŞ təhlükəsizliyi naminə, eləcə də beynəlxalq sülh üçün məqsədəuyğun olduğunu qeyd edib.

“Qeyd etdiyim kimi, İranın nüvə silahı əldə etməsinə mane olmaqdan söhbət düşdükdə, biz heç bir seçimi müzakirə masasından kənarlaşdırmaq fikrində deyilik. Bu seçimlərə Amerika gücünün bütün elementləri daxildir: İranı təcrid etmək üçün siyasi səylər, koalisiyanın davam etdirilməsi və İran nüvə proqramıyla bağlı monitorinqlərin aparılması baxımından diplomatik səylər, sarsıdıcı sanksiyalar baxımından iqtisadi səylər. Və nəhayət , hadisələrin gözlənilməz gedişatına qarşı hazır olmalı olduğumuz hərbi səylər”, deyə ABŞ prezidenti Barak Obama bildirib.

Obamadan sonra çıxış edən İsrail prezidenti Şimon Peres həmişəki kimi İrana qarşı sərt danışaraq, nüvə silahlı İranın nəinki İsrail, hətta dünya üçün böyük təhlükə olduğunu diqqətə çatdırıb:

“İranda qəddar, korrupsiyaçı və şər rejim mövcuddur. Bu rejim “dağıtmaq məqsədləri” üzərində qurulub. İran insan ləyaqətinə qarşı cəbhədə dayanıb. İran dünyada baş alan terrorun mərkəzi, sponsoru və sərmayəçisidir. İran bütün dünya üçün təhlükədir. İran Berlin, Madrid üçün belə təhlükədir”.

Şimon Peres İsrailin müharibə dəhşətləri gördüyünü və İranla müharibə etmək fikrində olmadığını desə də, “belə bir müharibənin baş verəcəyi təqdirdə, qalib gələn dövlətin məhz İsrail olacağını" vurğulayıb.

Qeyd edək ki, bu gün eyni zamanda israilli baş nazir Benyamin Netanyahunun İsrail-ABŞ konfransında çıxış edəcəyi gözlənilir. Görüşdən əvvəl nazir Barak Obamanın qəbulunda olacaq.


Geri qayıt