Əsas Səhifə > Dünya > “DİKTATURANIN BEŞİKLƏRİ” DİLƏ GƏLDİ

“DİKTATURANIN BEŞİKLƏRİ” DİLƏ GƏLDİ


6-03-2012, 12:53
“DİKTATURANIN BEŞİKLƏRİ” DİLƏ GƏLDİ

RUSİYA İLƏ ÇİN YAXIN ŞƏRQDƏ BİRLƏŞİRLƏR

Rusiya Suriya rəhbərliyini və müxalifəti ölkədə atəşkəsin elan edilməsinə çağırıb. Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada iordaniyalı həmkarı Nasir Cudeh ilə görüşündən sonra birgə mətbuat konfransında bildirib ki, hökumət qüvvələri ilə döyüşən silahlı qruplara silah verilməsi ilə yanaşı, digər ölkələrdən də döyüşçülərin Suriyaya daxil olduğu kimi məlumatlar mövcuddur.

"Təəssüf ki, bəzi suriyalı müxalifət liderləri silahlı münaqişənin davam etməsini istədiklərini bəyan edirlər. Bu səbəbdən də Suriya dövlətindən öz şəhərlərində və digər yaşayış məntəqələrində hərbi əməliyyatları dayandırmasını tələb etməyin vacibliyi dəstəkləndiyi kimi, digər tərəfin də eynilə hər cür hərbi əməliyyata son qoymasının vacib olduğunu fikirləşərək hərəkət etməliyik. Bir tərəf bəzi bölgələri işğal edərkən, digər tərəfin zorakılığa son qoymasını gözləmək realist mövqe olmaz" - Rusiyanın xarici işlər naziri belə deyib.

Serqey Lavrov həmçinin Rusiyanın Suriyaya humanitar yardım göstərməyə həmişə hazır olduğunu bir daha vurğulayıb. O, həmçinin martın 10-da Qahirədə Ərəb Ölkələri Liqasının xarici işlər nazirləri ilə görüşəcəyini də açıqlayıb.

Suriya məsələsində Rusiya ilə eyni mövqeyi bölüşən Çin də özünün Suriyanın daxili işlərinə qarışmamaq siyasətində qətiyyətli olacağını bəyan edib. Çinin xarici işlər naziri Yan Çzeçi bildirib ki, Suriya və İran da daxil olmaqla, Yaxın Şərqdəki problemlər elə region daxilində də həll olunmalıdır. "Biz qəti əminik ki, Yaxın Şərq xalqları oradakı vəziyyəti hamıdan yaxşı bilirlər. Yaxın Şərq regionundakı məsələlər elə Yaxın Şərq xalqları tərəfindən də həll edilməlidir. Yaxın Şərqin gələcəyi və taleyini orada yaşayan xalqlar müəyyənləşdirməlidir" - deyə, Çinin xarici işlər naziri bildirib.

Xatırladaq ki, yanvarda Çin və Rusiya BMT-nin Təhlükəsizlik Şurasının Suriyada zorakılığın son qoyulmasına çağıran qətnaməsinə veto qoyub. BMT-nin hesablamalarına görə, Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə nümayişlər və iğtişaşlar zamanı 7500-dən çox adam ölüb.


Geri qayıt