Əsas Səhifə > Sosial, Manşet > ZEYNAL NAĞDƏLİYEV YÜKSƏLİŞ YOLUNDA

ZEYNAL NAĞDƏLİYEV YÜKSƏLİŞ YOLUNDA


6-03-2012, 13:09
ZEYNAL NAĞDƏLİYEV YÜKSƏLİŞ YOLUNDA

QUBAYA EZAM OLUNAN PA-NIN ŞÖBƏ MÜDİRİNİN REKLAMA ETİYACI VAR

DİA.AZ: - 1 mart tarixində Qubada baş verən üsyanın yatırılması üçün hakimiyyətin sözügedən rayona ezam etdiyi dövlət nümayəndələri arasında Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin də olması iqtidara yaxın kuluarlarda heç də birmənalı qarşılanmayıb. Bildirək ki, Zeynal Nağdəliyev bu gün iqtidar cinahındakı əsas konfliktli fiqurlardan biri kimi qəbul edilməkdədir.

Belə ki, hal-hazırda Prezident Administrasiyasına Ramiz Mehdiyevdən sonrakı dönəm üçün rəhbərliyə ən şanslı namizəd kimi qəbul edilən Zeynal Nağdəliyev hazırki PA şefi ilə də gərgin münasibətlərdədir. Bu barədə yerli mətbuatda dəfələrlə bilgi verilib və qeyd olunur ki, PA rəhbəri Ramiz Mehdiyevlə yolları bir çox məqamlarda kəsişən Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov da bu məsələdə Zeynal Nağdəliyevi dəstəkləyir. Mətbuatın yazdığına görə, MTN şefinin yaxın qohumu olan PA-nın digər şöbə müdiri Əli Əsədov məhz bu səbəbdən bu gün Zeynal Nağdəliyevi dəstəkləyir.

DİA.AZ-a daxil olan son məlumatlarda isə bildirilir ki, Qubada baş verən olayların yatırılması üçün Zeynal Nağdəliyev təsadüfən seçilməyib: «O, kifayət qədər səriştəli kadr olsa da, ictimai rəydə onunla bağlı yetərli informasiyaların olmaması müəyyən qədər problemlər yaradır. Bir növ Zeynal Nağdəliyevin bu gün publika qarşısında təqdimatına ehtiyacı var. Və Quba olayları da Zeynal Nağdəliyevi PA-da rəhbər görmək istəyənlər üçün göydəndüşmə fürsət oldu».

Məhz bu səbəbdən Nağdəliyevin Qubaya ezam olunduğu bildirən mənbəmiz vurğuladı ki, yaxın günlərdə, daha dəqiqi, may ayından sonra hakimiyyət çox cidi kadr islahatları həyata keçirməyi planlaşdırır: «Təsadüfi deyil ki, Ramiz Mehdiyevin gələcək fəaliyyət ünvanı kimi təqdim olunan Heydər Əliyev Mərkəzi üçün nəzərdə tutulan binanın inşaat işləri də məhz may ayında yekunlaşacaqö burada təsadüfi heç nə yoxdur. Ramiz Mehdiyev PA-dan Heydər Əliyev Mərkəzinə göndəriləcək».

Məhz bundan sonra Zeynal Nağdəliyevin PA rəhbəri postuna irəli çəkilməsinin baş tutacağını bildirən mənbəmiz vurğulayır ki, amma buna rəğmən hakimiyyət içindəki bəzi qruplaşmalar sözügedən təyinatın qarşısını almağa çalışırlar: «Onların da öz planları var. Elə Ramiz Mehdiyev də özündən sonra özünə yaxın birisinin PA-ya rəhbərlik etməsini istədiyindən bu gün Zeynal Nağdəliyevin təbliğatına işləyəcək hər hansı bir olay onlarda böyük qısqanclıq yaradır».

Mövzu diqqətimizdədir…


Geri qayıt