Əsas Səhifə > Sosial, Manşet > ELDAR ƏZİZOV HAMIMIZI BİABIR ETDİ

ELDAR ƏZİZOV HAMIMIZI BİABIR ETDİ


6-03-2012, 13:28
ELDAR ƏZİZOV HAMIMIZI BİABIR ETDİ

SUMQAYITIN ADININ “QARA SİYAHIYA” SALINMASINDA KİM GÜNAHKARDIR?

DİA.AZ: - Bir neçə ay bundan əvvəl Sumqayıt şəhərinin icra başçısı təyin edilən Eldar Əzizov Gəncədə dəyişiklik xatirinə, görüntü naminə həyata keçirdiyi qaydaları hazırda «gənclər şəhəri»ndə də tətbiq edir.

Yeni icra başçısının Sumqayıta gətirdiyi ən əsas «yeniliklər» yolların kənarlarının, səkilərin sökülüb yeniləri ilə əvəzlənməsi, ikincisi, şəhərin mərkəzindəki iki-üç mərtəbəli binaların, habelə bütün obyektlərin zorla, məcburi şəkildə alkopanlaşdırılmasından ibarətdir. Eldar Əzizovun səki və alkopana olan sevgisi heç də sumqayıtlılara qayğıdan gəlmir.

Əksinə, bu, icra başçısının biznes maraqlarının təzahürüdür. Əzizov alkopan və səki buraxan zavodlarının davamlılığını saxlamaq üçün bu addımı atmağa meyllidir. Bu mənada sumqayıtlılar səkilərin sökülməsinin və binaların alkopanlaşmasının arxasında hansı məqsədin dayandığını artıq başa düşüblər. Bu gün sumqayıtlıların kifayət qədər problemləri mövcuddur.

Məhəllələrdəki binaların zirzəmiləri su ilə doludur, bir çox binaların su və kanalizasiya boruları on illərlə dəyişmədiyindən, tez-tez dağıntıya, korroziyaya məruz qalır, amma MİS işçiləri problemi yalnız kiçik pazlar vurmaqla müvəqqəti aradan qaldırmış olurlar. Maraqlıdır, bəs «gənclər şəhəri»nin inkişafına ayrılan 5 milyon manatın aqibəti necə oldu? Həmin vəsait hara «xərcləndi?»

Bu mənada Sumqayıt məhəllələrində qazılmış yerlərin çox olması təəccüblü qarşılanmır. Deməli, Eldar Əzizovun Sumqayıta olan sevgisinin arxasında başqa bir sevgi dayanır. Qeyd edək ki, Əzizov söküntü işlərini məhkəmənin qərarı olmadan apardığından ən ağır zərbə sahibkarlara dəyir ki, hələ bu barədə şikayətlər araşdırılmır. Təmirə ehtiyacı olmayan parklarda yenidən tikinti, bərpa işlərinin aparılması isə yeyinti məqsədi daşıyır.

Bütün bu fəaliyyətin nəticəsi olaraq E.Əzizov artıq, necə deyərlər beynəlxalq səviyyədə öz qiymətini alıb. Avstraliyanın səyahət saytı olan «travel.ninemsn.com.au» dünyanın 7 ən eybəcər şəhərini müəyyənləşdirib. DİA.AZ-ın məlumatına görə, siyahıda birinci yeri Azərbaycanın Sumqayıt şəhəri tutur. Sumqayıtı təsvir edən məqalədə yazılıb:

«Neft paytaxtı olan Bakı Sumqayıtla müqayisədə utopik dərəcədə müsbət görünür. Sumqayıt böyüklüyünə görə, Azərbaycanın üçüncü şəhəridir. Dəniz sahilində yerləşən bu şəhər nə vaxtsa kurort şəhəri olmalıydı. Ancaq bura sənayeni köçürdülər. İndi isə şəhər müharibədən çıxmış görkəmdədir, işsizlik və narkotika şəhərin əsas simvoluna çevrilib».

Siyahıda Qvatemalanın Qvatemala Siti, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad, Moldovanın Çisnau, Perunun La Oroya, Myanmanın Neypido və Paraqvayın Syudad-Del-Este şəhərləri yer alıb.


Geri qayıt