Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AY ALAN, UCUZ TORPAQ SATILIR!!!

AY ALAN, UCUZ TORPAQ SATILIR!!!


6-03-2012, 13:31
AY ALAN, UCUZ TORPAQ SATILIR!!!

BADAMDAR BƏLƏDİYYƏSİNİN 31 DƏFƏ UCUZ TƏKLİFİ

Badamdar bələdiyyəsi iri torpaq sahəsini açıq hərraca çıxarıb. Onun start qiyməti bazar qiymətindən 31 dəfə ucuzdur. Bu, həmin bələdiyyənin 1999-cu ildə formalaşandan ilk açıq hərrac cəhdidir.

Hərrac 17 martda Şəfaət Mehdiyev küçəsi, 93,a ünvanında olacaq. Sahibkarlıq üçün nəzərdə tutulan torpağın sahəsi 7 920 m2.-dir. Normativ qiyməti 31 680 manat olan torpağı bələdiyyə 36 000 manat və ya sotu 454 manat qiymətləndirib. Maraqlıdır ki, özəl mülkiyyətçilər bu ərazidə 1 sotu 14 500 manata verirlər.

«İqtisadi Təşəbbüslərə Yardım» İB-nin sədr müavini Rövşən Ağayev Turan-a bildirib ki, 2009-cu ilin aprelində start götürən torpaq hərracı və müsabiqələri bələdiyyə torpaqlarının real qiymətinin müəyyən edilməsi meydançası ola bilməyib. Hərçənd həmin addım bu məqsədlə atılıb. «Torpaq hərracları keçirlənə qədər hər yerdə deyirdilər ki, hərrac keçirilmədən torpaq satışı bələdiyyələrdə korrupsiya mənbəyidir. Amma 3 illik təcrübə göstərir ki, bələdiyyələrdə əsas problemləri həll etmədən bu problem çözülməyəcək», deyə ekspert bildirib.

Ölkənin vətəndaş cəmiyyəti institutları bildirir ki, dövlət bələdiyyələrə yerli hakimiyyət vermək istəmir. Ona görə bu orqanlara seçkilər formal xarakter daşıyır, onun üzvlərini yerli icra orqanları təyin edir. Bələdiyyələrin yerli səviyyədə real səlahiyyəti yoxdur.

Bu, Bakı bələdiyyələrinin açıq hərraca torpaq çıxarması üzrə ikinci hadisədir. Əvvəllər Bakı bələdiyyələri (cəmi 51) şikayət edirdi ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpağın bələdiyyə mülkiyyəti olmasını təsdiq edən sənədləri onlara vermir.


Geri qayıt