Əsas Səhifə > Sosial, Manşet > SÜRÜCÜLƏR İŞƏ ÇIXMAQDAN İMTİNA ETDİ

SÜRÜCÜLƏR İŞƏ ÇIXMAQDAN İMTİNA ETDİ


9-03-2012, 12:57
SÜRÜCÜLƏR İŞƏ ÇIXMAQDAN İMTİNA ETDİ

193 SAYLI MARŞRUTUN SÜRÜCÜLƏRİ İŞLƏMƏKDƏN İMTİNA ETDİLƏR

DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, Bakıda daha bir sürücü qiyamı gözlənilir. Bu barədə redaksiyamızı 193 saylı marşrut xəttində çalışan sürücülərdən biri məlumatlandırmışdı. Onun bildirdiyinə görə, indiki şərtlər altında sözügedən xəttdə çalışmaq heç bir baxımdan sərf etmir və artıq möhtac içində yaşamaqdan, ancaq müdriyyət üçün çalışmaqdan yorulublar.

Redaksiyamıza verilən son məlumatlardan isə aydın olur ki, bu gün səhərdən 193 saylı marşrutun sürücülərinin əksəriyyəti xəttə çıxmaqdan imtina ediblər. Bu isə sərnişinlərin narazılığına səbəb olub.

DİA.AZ-a bu barədə danışan sürücü bildirdi ki, gün ərzində 7-8 dəfə reys edirlər və bir gün üçün 38-40 manat dəyərində yanacaq işlədirlər: «Havalar pis olanda isə ümumiyyətlə, müştəri qıtlığı olur. Bu gün də elə bir vəziyyət yaranıb. Artıq yorulmuşuq. Rəhbərlik isə planda endirim etmir, əksinə, günü gündən şərtləri ağırlaşdırırlar».

Həmsöhbətimiz bildirdi ki, bu gündən etibarən təxminən 20-yə yaxın sürücü sözü bir yerə qoyaraq xəttə çıxmaqdan imtina edəcəklər: «Kim bu şəraitdə işləyər? Bizim övladlarımız övlad deyil? Biz də yaxşı, insan kimi yaşamaq istəyirik. Nə vaxta qədər ancaq bir-iki nəfər üçün çalışmalıyıq? Dövlət hara baxır? Niyə bizi müdafiə etmirlər?»

Redaksiyamıza danışan sürücü onu da bildirdi ki, hətta bununla bağlı, planın aşağı salınması ilə əlaqədar müdriyyətə müraciət etsələr də, onları eşidən olmayıb: «Biz artıq bilirik nə edəcəyik. Xəttə çıxmayacağıq. Görək, hansı sürücü onlara pul qazanıb verəcək»…

Son məlumatlarda isə deyilir ki, artıq işə nəqliyyat nazirliyi də müdaxilə edib və sürücülərin etiraz aksiyası keçirmək niyyətləri olduğundan, məsələnin yerindəcə həlli planlaşdırılır. Verilən məlumatlara görə, həmin marşrutda avtobusları istismar edən şirkətin rəhbərliyinə NN-dən xəbərdarlıq da edilib.

Mövzu diqqətimizdədir…


Geri qayıt