Əsas Səhifə > Güney Press, Araşdırma > “BİZ TƏƏSSÜF EDİRİK Kİ”...

“BİZ TƏƏSSÜF EDİRİK Kİ”...


10-03-2012, 13:53
“BİZ TƏƏSSÜF EDİRİK Kİ”...

İNSAN HÜQUQLARI EVİNİN QAPADILMASINDAN BİR İL ÖTÜR

Azərbaycanda İnsan Hüquqları Evinin bağlanmasından bir il keçir. Belə ki, 2011-ci il martın 10-da Azərbaycan İnsan Hüquqları Evi və hökumət arasında saziş bağlanana qədər təşkilatın bütün fəaliyyətinin dərhal dayandırılması haqqında Azərbaycan rəsmiləri göstəriş verib. Hökumət rəsmiləri ilə mütəmadi əlaqə saxlanılmasına baxmayaraq, artıq bir ildir ki, Azərbaycan İnsan Hüquqları Evi hələ də bağlıdır. Bundan başqa 2012-ci ilin yanvarında Azərbaycan İnsan Hüquqları Evi icarəyə götürdüyü ofisindən çıxmaq məcburiyyətində qalıb.

Səbəbi isə 2011-ci ilin dekabrında həmin icarə edilən mülkün sahibinə polis tərəfindən təzyiq olunması və nəticədə həmin mülkün sahibi Azərbaycan İnsan Hüquqları Evi ilə olan icarə müqaviləsini uzatmaqdan imtina edib.

“Biz təəssüf edirik ki, Azərbaycan hökuməti ölkədə birləşmək azadlığını məhdudlaşdırmaq üçün öz qanunvericiliyindən istifadə edir. Birləşmək azadlığı Avropa Şurasına üzv ölkələrin üzərinə öhdəlik kimi götürdüyü fundamental hüquqdur,” - İnsan Hüquqları Evi Fondunun icraçı direktoru Maria Dahle bildirib.

Azərbaycan İnsan Hüquqları Evi 2007-ci ildə Ədliyyə Nazirliyində İnsan Hüquqları Evi Fondunun beynəlxalq filialı kimi rəsmi qeydiyyata alınıb. Nəticə etibarilə qeydiyyat həmin dövrdəki Azərbaycan qanunvericiliyinə uyğun idi. Azərbaycan İnsan Hüquqları Evinin qapadılmasına istinad kimi 2009-cu ildə QHT qanunvericiliyinə edilən dəyişikliklər göstərilsə də əslində artıq qeydiyyatı olan və ölkədə fəaliyyət göstərən QHT-lərə bu dəyişiklərin aid edilib-edilməməsi haqda orada heç bir müddəa yoxdur. 2011-ci ildə fəaliyyətinin dayandırılması ilə bağlı hökumət tərəfindən göstəriş verilənə qədər Azərbaycan İnsan Hüquqları Evi ölkənin hər hansı qanunvericiliyini və qaydalarını pozması ilə bağlı əvvəllər heç bir xəbərdarlıq və ya bildiriş almayıb və təşkilat mütəmadi olaraq müvafiq qurumlar qarşısında vaxtlı-vaxtında hesabatlılığı təmin edib.

2011-ci ilin oktyabrında Avropa Şurasının Venesiya Komissiyası bildirib ki, Azərbaycanın QHT qanunvericiliyi və xarici QHT-lərə yeni tələblər nəzərdə tutan 2011-ci ilin martında Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar beynəlxalq standartlara ziddir. Venesiya Komissiyasının rəyinə görə, xarici QHT və yerli hökumət qurumu arasında ikitərəfli saziş imzalanması haqda tələbin özü şübhə doğurur və ümumiyyətlə qoyulan şərtlər çox problemlidir və aydın deyil.

“Biz Azərbaycan hökumətindən tələb edirik ki, Azərbaycan İnsan Hüquqları Evinin yenidən açılıb fəaliyyətini bərpa etməsi üçün sazişi yekunlaşdırsın,” – gələn həftə BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanda insan hüquqlarının narahat doğuran vəziyyəti ilə bağlı çıxış edəcək Maria Dahle bildirib.

Azərbaycanın müvafiq hökumət qurumları ilə təmaslarda da bildirildiyi kimi, Azərbaycan İnsan Hüquqları Evi özünün müstəqillik və bitərəflik prinsiplərinə riayət edərək hər hansı siyasi qruplara və ya hökumətlərə dəstək vermir, yalnız insan hüquqları məsələləri ilə məşğul olur. Bu baxımdan, Azərbaycan İnsan Hüquqları Evində keçirilən tədbirlər Azərbaycan vətəndaşlarının insan hüquqları ilə bağlı məsələləri əhatə edib və bundan sonra da belə olacaq. Bu tədbirlər Azərbaycanın ATƏT, AŞ və BMT-yə üzv ölkə kimi üzərinə götürdüyü öhdəliklərdə əks olunan beynəlxalq və regional insan hüquqları prinsiplərinə və standartlarına hörmət hissi aşılayır, onları təbliğ edir.


Geri qayıt