Əsas Səhifə > Güney Press, Araşdırma > YOLLARA AYRILAN PULLARI KİM YEYİR?

YOLLARA AYRILAN PULLARI KİM YEYİR?


10-03-2012, 14:11
YOLLARA AYRILAN PULLARI KİM YEYİR?

BAŞÇI DƏYİŞSƏ DƏ, QAZAXDA PROBLEMLƏR DƏYİŞMƏYİB

Qazaxda RİH başçısı bir müddətdir ki, dəyişib. Amma təəssüflər olsun ki, bir sıra sahələrdə köhnədən qalmış dözülməz vəziyyət dəyişmir. Niyə?

Rayonun icra başçısının gəlişindən sonra hamı düşünürdü ki, adı bir müddətdir mətbuat səhifələrində tənqid hədəfinə çevrilmiş 27 saylı Qazax Yol İstismar İdarəsinin rəisi Həsən Hadıyevin də işində dönüş yaranacaq. Amma ümidlər artıq ölmək üzrədir. Biz əvvəllər də bu mövzu ətrafında daxil olan şikayətləri araşdıraraq tənqidi məqalələr dərc etmişdik. Aidiyyəti orqanlara, eyni zamanda bilavasitə "Azəryolservis" ASC-yə həmin məsələ ilə bağlı rəsmi məktublar da ünvanlamışdıq, amma korrupsiya halları baş alıb gedən 27 saylı Qazax Yol İstismar İdarəsinin fəaliyyətində heç bir əsaslı tədbir görülməmişdir. Hətta bu barədə idarənin rəisi Həsən Hadıyevlə söbhətimiz olmuş, onu şikayətlərlə tanış da etmişdik. Söz də vermişdi ki, problemləri aradan qaldıracaq. Biz də şikayətçiləri arxayın salmışdıq ki, səbrli olun, düzələcək. Rəis isə o vaxt bildirmişdi ki, "Əslində, məndə günah yoxdur. Sabiq icra başçısı Rauf Hüseynov məni işləməyə qoymurdu. özü şəxsi asfalt zavodu yaratdığı halda, mənim idarəm nə işlə məşğul olmalı idi?"

Amma vaxt keçir, Hadıyevin idarəsindəki problemlər isə ötüb-keçmir. H.Hadıyev hamının başını rahatca qatır, "Azəryolservis"in rayona ezam olunan araşdırma qrupuna isə yalan məlumat verir. Fərz edək ki, doğrudan da həmin vaxtlar rəisi sabiq icra başçısı R.Hüseynov işləməyə qoymurdu, görəsən bəs indi ona kim maneçilik törədir?

Bu yaxınlarda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun keçirdiyi hesabat iclasında yenidən H.Hadıyevin işindəki nöqsanlar gündəmə gətirildi, idarənin fəaliyyəti tənqid edildi. Bu məsələdə icra başçısına haqq qazandırmağa çoxlu əsaslar da var idi. çünki ölkədə quruculuq və abadlıq işlərinin getdiyi bir vaxtda Qazax rayonu niyə bu quruculuq və abadlıqdan geri qalmalıdır? Xüsusilə yolların bərpasına və təmirinə böyük ehtiyac duyulur. Təbii ki, sözügedən idarə öz əməli işi ilə öndə durmalıdır. Belə desək, 27 saylı Qazax Yol İstismar İdarəsi bu günün ən aparıcı idarələrindən olmalıdır. çox təəssüflər olsun ki, neçə illərdir yol verdiyi nöqsanlara baxmayaraq H.Hadıyev adının çəkilməsini istəmədiyimiz vəzifəli xalası oğluna arxalanaraq idarənin başına oyunlar açır, işin pisliyinə doğru əlindən nə gəlirsə onu da "müvəffəqiyyətlə" edir. 70 nəfərdən çox işçisi olan idarədə cəmi 20-25 adam gözə dəyir.

Qalanlarının isə harada olmaları bilinimir. Rəis bu "ölü can"ların əmək haqqlarını rahatca mənimsəyir. Qəribədir ki, əmək haqqı almaq üçün idarə hələ də kart sisteminə keçməyib. Yəni, maaşlar köhnə cədvəl sistemi ilə verilir.

Qeyd edək ki, hazırda asvalt zavod, drabilka, qum yuma sexi işləyir, lakin idarəyə heç bir mədaxil yoxdur. Bunu sərf olunan elektirik enerjisinin sayğacı da təsdiqləyir. Rayonda tikintisi davam edən konserv zavodunda idarəyə mənsub "Ford" markalı yük maşını, asvaltbasan və digər texnikalar bu gün də işləyir. Zavod isə pulu köçürmə yolu ilə deyil, nəqd yolla H.Hadıyevin cibinə ödəyir. 70 nəfərdən yuxarı işçisi olan idarənin 7-8 nəfər fəhləsi Qazax şəhərində "Məşəlin və "Təyyarənin yanı" adlanan sahədə narıncı geyimdə süpürgəçiliklə məşğuldurlar. Həmin "süpürgəçilərin" dediyininə görə, problem neçə vaxtdır həll edilmir.

Xatırlatmaq istəyirik ki, sabiq icra başçısı R.Hüseynov H.Hadıyevi yarıtmaz iş fəaliyyətinə görə işdən azad etmək üçün "Azəryolservis"in sədri Cavid Qurbanova rəsmi məktub da göndərmişdi. Lakin sonradan ona bir müddət vaxt verməli oldular. Bu günlərdə isə Həsən Hadıyevin Qazax rayonunun çaylı kənd sakini Becan Qocayevla olan qalmaqallı məhkəmə işi ortaya çıxıb.

***

Redaksiyamıza da şikayət edən B.Qocayevin sözlərindən məlum olur ki, o, məhkəmədə rəis H.Hadıyeva qarşı iddia qaldırıb. Sənədlərdən məlum olur ki, Qocayev Becan Fəhlə oğlu cavabdehlər: İsmayılov Aqil Abuzər oğluna, Hadıyev Həsən Tanrıverdi oğluna (Qazax rayon 27 saylı Yol İstismar İdarəsinin rəisi) qarşı "Pul tələbinə" dair iddia qaldırıb. Qazax rayon Məhkəməsində qaldırılan iddia ərizəsindən sitat: "Yazıb bildirirəm ki, mən dəmir alıb-satmaqla məşğulam və buna görə də Qazax rayon 27 saylı Yol İsitmar İdarəsinin rəisi Hadıyev Həsən Tanrverdi oğlu 27 noyabr 2011-ci il tarixdə məni yanına çağırıb dedi ki, "məndə istismar müddəti bitmiş dəmir avadanlıqlar var. Mən nazirliyə gedirəm, 4000 (dörd min) manat ver, bu avadalıqları sildirib sənə satım". Mən də ona 2500 manat pul verdim.

Aradan 10-15 gün keçmiş sürücüsü İsmayılov Aqil Abuzər oğlunu yanıma göndərib dedi ki, "1000 manat pul da lazımdı, iki günə də gəl pulunu apar". Lakin o gündən sonra mən Hadıyev Həsən Tanrıverdi oğlundan nə mənə göstərdiyi dəmir avadanlıqları ala bildim, nə də ki, mənim 3500 manat pulumu qaytarır. Həmçinin yazıb bildirirəm ki, əlimdə olan bütün pulumu ona verdim, beləliklə də mən pulsuz qalaraq heç nə alıb-sata bilmədim. Ona görə də aylıq qazancımın təxminən 500 manat olduğunu nəzərə alsaq mənə artıq bu günə qədər 1000 manat zərər vurulmuşdur".

Şikayətçi məhkəmədən cavabdehlər- İsmayılov Aqil Abuzər oğlundan və Hadıyev Həsən Tanırverdi oğlundan 4500 manat pulun və ödənilmiş dövlət rüsumu olan 20 manat, cəmi 4520 manat pulun alınıb ona ödənilməsini xahiş edir.

Bu barədə növbəti yazılarda ətraflı bəhs etməyə çalışacağıq.

“Təzadlar”

Geri qayıt