Əsas Səhifə > Sosial, Manşet > "MƏRDƏKAN" GƏMİSİ ƏTRAFINDA QALMAQAL

"MƏRDƏKAN" GƏMİSİ ƏTRAFINDA QALMAQAL


11-03-2012, 12:16
"MƏRDƏKAN" GƏMİSİ ƏTRAFINDA QALMAQAL

İSTİNTAQ GEDİR, 4 AİLƏNİ BAŞSIZ QOYMUŞ GƏMİ SAHİBİ İSƏ NƏDƏNSƏ SUSUR

DİA.AZ: - Bu ilin fevralın 16-da partlamış gəmidə həlak olanların yaxınları 4 nəfərin ölümündə günahkar olmuşların cəzalandırılmasını tələb edirlər...

Elektron poçtumuza daxil olan və bu ilin fevralın 16-da partlamış, 4 nəfərin ölümünə səbəb olmuş "Mərdəkan" gəmisi ilə əlaqəli olan bir yazı-məlumata neçə gündür ki, münasibət bildirmək istəmirdik. Lakin məktub müəllifinin artıq neçə dəfədir redaksiyaya müraciəti bizi mövzuya yenidən qayıtmağa məcbur etdi.

Məsələ ondadır ki, bu ilin fevralın 16-da Bakıda "Mərdəkan" balıqçı gəmisində partlayış baş vermişdi və nəticədə 4 nəfər ölmüşdü. Bu barədə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, ardınca isə FHN və Respublikanın Baş Prokurorluğu rəsmi məlumat yaymışdı.

Bu dəhşətli hadisə isə Xətai rayonunun Zığ şosesində olan "57-ci quru yük limanı" adlanan ərazidə-"PTS-225 Mərdəkan" gəmisində baş vermişdi.

"Azərbaycan-DSP şirkəti"nə məxsus olan bu gəmidə qaynaq işləri aparılan 4 nəfər - kapitan, 1964-cü il təvəllüdlü Xalatuyev Hacı Həsən oğlu, mexanik Sahib Beydullayev, motorçu, 1965-ci il təvəllüdlü Maarif Ağayev və qaynaqçı, 1960-cı il təvəllüdlü Hacıyev Mehman Cəmil oğlu hadisə yerində dünyalarını dəyişmişdi. Partlayışdan sonra güclü yanğın baş verdiyindən onların meyitlərini yanğınsöndürənlər aşkarlamışdılar, meyidlər az qala tanınmaz hala düşmüşdü.

"Baş Prokurorluq cinayət işi başladı, amma..."

Bu sözlər zərərçəkən ailələrdən redaksiyamıza daxil olan son müraciətlərin birində səslənir. Göndərilən məlumatda deyilir: "Maraqlıdır ki, biz zərərçəkən ailələr adından Prezidentə müraciət göndərildi və həmin müraciət ölkədə populyar olan qəzetlərin birinə də təqdim olundu, lakin çox təəssüflər olsun ki, həmin qəzet saytında bunu yerləşdirsə də, bilmədiyimiz səbəblərdən şikayətimizi dərc etmədi..."

Daha sonra "Mərdəkan" gəmisinin əsil sahibi olan yüksək rütbəli məmurun adının çıxılması şərti ilə müraciətin dərcinə münasibət bildirən müraciət müəllifi ölkə Prezidenti İ.Əliyevə, Baş Prokuror Z.Qaralova, həmçinin MTN rəhbəri E.Mahmudova ünvanlı növbəti müraciətinin dərcini xahiş edir: "Biz məlum müraciətimizin qısaldılmış şəkildə dərcinə görə Sizə minnətdarıq. Amma bundan sonra partlayışda həlak olmuş Mehman Hacıyevin oğlunun mətbuata təkzib verməsi və onun qəzetlərdə dərcini də oxuduq. Məsələ ondadır ki, təkzibin hansı səbəblərdən irəli gəldiyini biz digər zərərçəkən ailələr də bilirik. Hansı ki, həmin maddi kömək gəminin əsil sahibi (Yüksək rütbəli bir şəxsin adı çəkilir və hələki araşdırmamız davam etdiyindən qəzetdə yenə də onun adını verə bilmirik - red.) bizlərə də köməklik etdi. Bunu istənilən halda dövlət də edəcəkdi, "DSP şirkəti"nin direktoru da. Amma söhbət maddi köməkdən getmir. 4 ailə başsız qalıb. Onları kim işlədirdi, niyə lazımi texniki təhlükəsizlik qaydalarına riayət olunması üçün lazımi iş şəraiti yaradılmamışdı? Vəzifədən sui istifadə halları var idi. ölənlərin heç biri ilə əmək müqaviləsi yox idi. Bəs "DSP şirkəti"nin rəhbərliyindən (Yenə də ad çəkilir və ciddi ittihamlar olduğundan redaksiya onların adlarını təqdim edə bilmir - red.) kim məsuliyyətə alınıb? Vətəndaşın 100 manatını oğurlayanı həbs edirlər, istintaq başa çatana kimi həbs qətimkan tədbiri qüvvədə qalır. Amma 4 nəfərin həyatını oğurlayan-məhv edən kimsə məsuliyyət daşımır. Belə də ədalətsizlik olarmı? Kimsə general rütbəsinə, vəzifəsinə arxayın olaraq istintaqı başqa səmtə yönəldirsə, buna susmaq lazımdır? Biz Baş Prokurordan xahiş edirik, başlanmış cinayət işinin tövsif olunduğu maddələr dəyişdirilsin və məsul şəxslər məsuliyyətə alınsınlar. Odur ki, xahiş edirik, müraciətimizi dəyişdirmədən dərc edin. Bizim şikayətmiz maddi köməklikdən yox, 4 nəfərin ailəsini başsız qoymuş əsil günahkarın cəzalandırılması və onun ictimaiyyətə təqdim edilməsindəndir. İndi ortaya düşub ailələrə yüz cür vədlər verirlər. Camaat uşaqdır?"

Cinayət işinin istintaqı necə aparılır?

Narahatlığa biz də əsas görürük. Çünki faktla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yaymışdı. Amma 4 nəfərin- gəminin kapitanı Hacı Xanbutayevin, motorçu Maarif Ağayevin, qaynaqçı Mehman Hacıyevin və mexanik Sahib Beydullayevin ailəsini başsız qoymuşlardan kimsə cinayət məsuliyyətinə cəlb olunmayıb. Bu işə mane olan kimdir? Niyə istintaqın gedişi barədə ictimaiyyətə və zərərçəkənlərə məlumat verilmir?

Mövzuya qayıdacağıq.


Geri qayıt