Əsas Səhifə > Partiya > İMİŞLİDƏ ETRİAZLAR BAŞLADI

İMİŞLİDƏ ETRİAZLAR BAŞLADI


11-03-2012, 12:34
İMİŞLİDƏ ETRİAZLAR BAŞLADI

HƏLƏLİK ACLIQ AKSİYASINA START VERİLDİ...

İmişlidə yaşayan Qarabağ müharibəsi iştirakçıları Valeh Babaşov və Elman Şahbazov martın 10-dan aclıq aksiyasına başlayıblar.

Bu barədə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müharibə əlilləri özləri məlumat veriblər. V. Babaşov bildirir ki, İmişli şəhərinin Heydər Əliyev prospektindən keçmiş kolxoz bazarına gedən yolun kənarında, Rəsularx kanalının yaxınlığındakı boş torpaq sahədə ticarət köşkü fəaliyyət göstərir. O, burada audio və audiovizual kassetlərin satışı ilə məşğul olur. Köşkün altında olan 14 kv.m torpaq sahəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin o vaxtkı İmişli rayon şöbəsi tərəfindən qanunsuz yolla başqa şəxs tərəfindən özəlləşdirilməsinə dair saxta sənədlər tərtib edilib və ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qazandırılıb. Bu zaman ərazidə olan bir neçə çoxillik ağac da məhv edilib. Bununla bağlı etdiyi çoxsaylı şikayətlərinin obyektiv araşdırılmadığını bildirən V. Babaşov dövlət başçısına ünvanladığı müraciətdə yazır: “Hörmətli Prezident! Mən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmış, bunun nəticəsi olaraq əmək qabiliyyətimi və sağlamlığımı qismən itirmişəm. II qrup Qarabağ əliliyəm. Torpaq uğrunda vuruşan, bu yolda bir qolunu itirən, bədənində müharibənin ağrılarını daşıyan bir şəxsə 14 kv. m. torpaq sahəsini də çox görmələri məndə dərin təəssüf və narazılıq hissi doğurur. Bu haqsızlığa etiraz edərək, martın 10-dan başlayaraq həmin ticarət köşkündə aclıq aksiyası keçirəcəyəm. Bir halda ki, 14 kv. m. torpaq sahəsini qanunsuz yolla ələ keçirməklə kimlərsə varlanmaq istəyir və bu işdə səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin marağı var, bununla məni və ailə üzvlərimi bir tikə çörəyə möhtac qoymaq istəyirlər, elə həmin torpaq sahəsindən çıxarılmağımı gözləmədən aclığa başlayacağam. Ölkə vətəndaşlarını dövlətindən, Prezidentindən narazı salan, şirin həyatını zəhərə döndərən, bir tikə çörəyə möhtac qoymaq istəyən, bayramını qara gətirən vəzifəli şəxslər qoy həmin günlərdə bayram etsin.”

Digər aksiyaçı, I qrup əlil olan Elman Şahbazov isə 2010-cu ilin yazında baş verən Kür Araz daşqınlarının nəticələrini aradan qaldırmalı olan dövlət komissiyasının işindən narazıdır. O, müxalifətçi mövqeyinə görə ayrı-seçkiliyə məruz qaldığını, qəzalı vəziyyətə düşən evinə görə ona yardım göstərilmədiyini bildirir. Dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarına şikayət edən əlil vətəndaş, sonda 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Fövqəladə Hallar Nazirliyinə qarşı iddia qaldırıb. Lakin ədalətli məhkəmə araşdırılması hüququnun da təmin olunmadığını deyən E. Şahbazov, ölüm aclığına başlayacağına məcbur olduğunu bildirir: “Bir halda ki, bu adamlar qəzalı evimin ailə üzvlərimin başına uçmağını və bu yolla məni zərərsizləşdirmək istəyirlər, bu niyyətlərini gözlərində qoyaraq etiraz aksiyası keçirəcəyəm. Öləndə də qoy bilinsin ki, məni ölüm həddinə kim çatdırdı.”

2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının təsirinə məruz qalmış, problemləri bu günə qədər həll olunmayan digər İmişli sakinlərinin də aclıq aksiyasına qoşulacağı gözlənilir. Xatırladaq ki, Elman Şahbazov 2011- ci ilin may ayında dövlət başçısı İmişliyə səfər edərkən də anoloji aksiya keçirmiş, prezidentlə görüşmək istəsə də onun bu istəyinin reallaşmasına rayon rəhbərliyi və polis şöbəsi imkan verməmişdir.

Yeri gəlmişkən qeyd edək ki, Ombudsmanın 07 mart 2012- ci ildə Milli Məclisdə təqdim etdiyi hesabatda son zamanlar vətəndaşların bəzi dövlət qurumlarından şikayətlərin kifayət qədər artdığını və ən şox şikayət olunan rayon kimi İmişli rayonunun adını çəkmişdi ki, bu şikayətlərin böyük əksəriyyəti 2010- cu ilin fəlakətinə məruz qalan insanların problemləri ilə bağlıdır.


Geri qayıt