Əsas Səhifə > Partiya > İCTİMAİ PALAYA TAKTİKA DƏYİŞDİRİR

İCTİMAİ PALAYA TAKTİKA DƏYİŞDİRİR


12-03-2012, 14:55
İCTİMAİ PALAYA TAKTİKA DƏYİŞDİRİR

“BİZ BU VAXTA QƏDƏR HAKİMİYYƏTLƏ YUMŞAQ DANIŞMIŞIQ”

İctimai Palata (İP) bir illik fasilədən sonra yenidən kütləvi aksiyalara başlamağa start verib. Digər tərəfdən, ötən il aprel ayında İP üzvləri kütləvi aksiyalarda həbs edildikdən sonra qurumun üzvləri arasında aksiyaların keçirilib-keçirilməməsi ilə bağlı fikir müxtəliflikləri mövcud idi. Bu qədər fasilədən sonra ölkədə nə dəyişdi ki, növbəti dəfə aksiyalarla bağlı qərar verildi?

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən İctimai Palatanın İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Vidadi Mirkamal, aksiyaların İP-nın daima gündəmində olduğunu bildirdi. Mübarizənin bir neçə üsulunun mövcudluğunu qeyd edən Vidadi bəy, aksiyaların bunlardan biri olduğunu bildirdi: “Bu günə qədər İP-nın fəaliyyət istiqaməti mübarizə əzmində davam edib. İP-nın regional təşkilatlarının yaradılması, qurum daxilində keçirilən iclaslar və tədbirlər zamanı hakimiyyətin əleyhinə səsləndirilən fikirlər, bu mübarizənin tərkib hissəsinə daxildir.”

Vidadi bəy qeyd etdi ki, kütləvi aksiyalarla bağlı bu günə qədər qurum daxilində kifayət qədər ciddi müzakirələr aparılıb: “İP üzvlərinin həbsindən artıq bir ilə yaxın zaman keçib. Biz bu zaman ərzində hakimiyyətlə çox yumşaq və hüquqi müstəvidə danışmışıq. Bizim silahdaşlarımız heç bir hüquqi əsası olmadan bir ildir ki, həbsdə saxlanılırlar. Aksiya iştirakçılarını həbs edənlər birbaşa olaraq Azərbaycandakı hüquq və insan azadlıqları tapdalayıblar.”

Bu günə qədər vicdan məhbuslarının azad edilməsi ilə bağlı dövlətə vaxt verdiklərini qeyd edən Vidadi bəy, “bu müddət ərzində məlum oldu ki, qarşı tərəf heç bir addım atmaq istəmir”, - deyə bildirdi: “Digər tərəfdən, biz hakimiyyətə demokratiyaya yumşaq keçidin “Yol Xəritəsi”ni təqdim etdik ki, ölkədə qarşıdurmalar olmadan islahatlar həyata keçirilsin. Bizim bir müddət gözləməyimizə baxmayaraq, hakimiyyət günü-gündən vəziyyəti ağırlaşdıraraq, bizim göndərdiyimiz təkliflərimizi lağa qoymağa başladılar. Buna görə biz belə bir qərara gəlmişik ki, artıq ölkədə etiraz aksiyalarına start vermək lazımdır.”


Geri qayıt