Əsas Səhifə > Sosial, Manşet > ƏYALƏTDƏ FƏHLƏ OLMAQ DA MÜMKÜN DEYİL

ƏYALƏTDƏ FƏHLƏ OLMAQ DA MÜMKÜN DEYİL


13-03-2012, 11:46
ƏYALƏTDƏ FƏHLƏ OLMAQ DA MÜMKÜN DEYİL

30 İLİN MÜTƏXƏSSİSİ FƏHLƏ İŞLƏYƏ BİLMƏSİ ÜÇÜN GET-GƏLƏ SALINIR

DİA.AZ: - Biləsuvar rayonu Təzəkənd kənd sakini Xankişiyev Vaqif Təvəkkül oğlu fəhlə düzələ bilməməsindən şikayətlənir. DİA.AZ-a ünvanladığı məktubunda Biləsuvar sakini rayonda məmur özbaşınalığının tüğyan etdiyini bildirməklə yanaşı, həm də fəhlə kimi işləmək üçün də rüşvətin istənildiyini yazır.

Xankişiyev Vaqif Təvəkkül oğlu məktubunda deyir:

“Mən Xankişiyev Vaqif Təvəkkül oğlu 1958-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşam. 1980-cı ildə Gəncə Baza İnşaat Texnikumunu (Qaz təsərrüfatı ixtisasını) bitirmişəm. 1980-cı ildən 1995-ci ilə qədər Biləsuvar rayon Qaz İstismarı İdarəsində usta işləmişəm. 1995-ci ildə rayonlara qaz verilməsi dayandığına görə kütləvi şəkildə işimizi itirdik. 2000-ci ildən rayonlara qaz verilməsi prosesi yenidən başlandı, Biləsuvar rayon Qaz İdarəsi də işə düşdü. 2000-ci ildən mütəmadi olaraq həmin idarəyə işə düzəlmək üçün müraciətlər edirəm. Uzun müddətdir ki, get-gəllərdəyəm.

Dövlət orqanlarına ünvanladığım müraciətlərə cavab olaraq Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Baş didektorun Satış və İstismar üzrə müavini Elxan Hacıyev bildirir ki, qaz idarəsində işə qəbul olunmaq üçün müsabiqədən keçməliyəm. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə ARDNŞ-in mütəxəssislərindən ibarət qrupun müsahibəsindən ibrətdir.

Sual edirəm, mən öz rayonumda qaz idarəsində fəhlə düzəlmək üçün nəyə görə test sınaq imtahanından keçməliyəm? Axı mən instituta-zada qəbul olmuram! Axı Sovet vaxtında belə şeylər yox idi. Hələ bu azmış kimi SOCAR-ın saytına girib veb-səhifənin hansısa bölməsində iş axtarıram cədvəlini doldurmalıyam!

Mən 30 ilin mütəxəssisiyəm, başqa ölkələrdə bu cür kadrları göydə axtarırlar. Sakit bir adamam, öz işini bilən, heç vaxt qalmaqallarda əlim olmayıb. İşlədiyim müddətdə yaxşı, qabaqcıl mütəxəssis kimi tanınmışam, rəhbərlik tərəfindən dəfələrlə təltif olunmuş və mükafatlandırılmışam. Məgər hal-hazırda Biləsuvar Qaz İdarəsində işləyən işçilər ora müsabiqə yolu ilə götürülübmü? Maraqlıdır ki, keçmiş polis işçisi, poçt işçisi, ferma işçisi, tikinti adamı orada iş tapa bilir, amma mənim kimi sırf öz işinin mütəxəssisi olan adama deyirlər ki iş yoxdur. Məhz bunun nəticəsi idi Biləsuvar kəndlərinə qaz çəkilərkən çoxlu səhvlərə yol verildi, infrastruktur bərbad hala düşdü. Çünki mütəxəssis yox idi. İndi qaz sistemi elə bir acınacaqlı vəziyyətdədir ki, qaz boruları sökülüb yenidən çəkilməlidir. Borular gedən kənd küçələrində qaz iyindən gəzməli deyil, hər yerdən qaz sızır. Bu isə tez-tez neqativ hallara gətirib çıxarır və gələcəkdə böyük təhlükələr törədəcək.

Mən başqa heç bir şey istəmirəm, sadəcə uzun illər işlədiyim ixtisasıma uyğun bir sahədə çalışmaq arzusundayam. İstər texniki işçi, usta, sahə rəisi, növbətçi dispetçer, texniki nəzarətçi – nə işi olursa olsun, işləməyə hazıram, əməyimi və təcrübəmi xalq yolunda sərf etmək arzusundayam. Sadəcə bununçün Biləsuvar Qaz İdarəsində xırda bir ştat açılmalıdır. Xahiş edirəm ki, ştat açılması üçün kömək edəsiniz”.


Geri qayıt