Əsas Səhifə > Sosial, Manşet > ƏBÜLFƏZ AĞAYEVİN “ANTİÜSYAN TƏDBİRİ”

ƏBÜLFƏZ AĞAYEVİN “ANTİÜSYAN TƏDBİRİ”


13-03-2012, 12:41
ƏBÜLFƏZ AĞAYEVİN “ANTİÜSYAN TƏDBİRİ”

İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI “KÜR QAÇQINI”NDAN İNTİQAM ALIR

DİA.AZ: - Son günlər İmişli rayonundan müxtəlif hökümət və qeyri- hökümət təşkilatlarına ünvanlanan şikayət məktublarının sayı artmaqdadır. Bununla kifayətlənməyən yerli sakinlər məhkəmələrə üz tutmaqla yanaşı müxtəlif etiraz aksiyalarına əl atırlar. Öz haqqını tələb edən, məhkəmələrə üz tutanlara qarşı İcra Hakimiyyəti də adekavt addımlar atmağa başlayıb. 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının təsirinə məruz qalan İmişli rayon Ağammədli kənd sakini Əsəd Xəlilov İmişli rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayevin nümayəndəsi Şəmsəddin Pənahov tərəfindən məhkəməyə verilib. “İddiaçı” buna səbəb kimi Ə. Xəlilovun dövlət başçısına yazdığı, “Yeni Musavat” və “Gündəm xəbər” qəzetlərində dərc olunan məktubunda onun şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna (!?) ziyan vurduğunu “əsas gətirir”. İcra başçısının nümayəndəsi məhkəmədən “Kür qaçqınını” 50 min manat cərimə olunmasını və haqqında cinayət işi qaldıraraq onun həbs edilməsini xahiş edib. İmişli rayon Məhkəməsi iddia ərizəsini icrata götürüb. Məhkəmə prosesi 14 mart 2012- ci il tarixdə saat 15 00- da İmişli rayon məhkəməsində keçiriləcək. Məhkəmədə Əsəd Xəlilovun hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən müdafiə ediləcək.

71 yaşlı Əsəd Xəlilovun evi 2010- cu ilin Kür daşqınları zamanı güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalıb. O dəfələrlə İmişli RİH- ə rəsmi müraciət etsə də hər dəfə ona “eviniz normalıdr” cavabları verilib. Ə. Xəlilov “Kür” Cəmiyyətinə və FHN- ə müraciətindən sonra adı çəkilən nazirliyin müvafiq komissiyası onun evinə baxış keçirmiş, zərərçəkənin evinin bərbad vəziyyətdə olduğunu müəyyən edərək evin bərpa gücləndirilməsinə dair rəy verib. Əsəd Xəlilovun dövlət başçısına yazdığı, “Yeni Musavat” və “Gündəm xəbər” qəzetlərində dərc olunan məktubunda İmişli RİH- nin onun evi ilə bağlı verdiyi yanlış rəyə görə bu rəyə imza atanların cəzalandırılmasını xahiş edib. Eyni zamanda o, 1 saylı İnzibatı İqtisad Məhkəməsinə müraciət edərək öz hüquqlarının müdafiəsi uğrunda sona qədər mübarizə aparacağını bildirib. Onun öz mübarizəsindən geri çəkilməsi müqabilində irəli sürülən şirnikləndirici vədləri qəbul etməyəndən sonra ona və ailə üzvlərinə qarşı hədə- qorxular gəlinib. Sonuncu dəfə Ə. Xəlilov 17 yanvar 2012- ci ildə Bakıya İnzibati İqtisad Məhkəməsinə gələn günü İmişli RİH başçısının Ağammədli kənd icra nümayəndəsi Şəmsəddin Pənahov bir qrup şəxslə Əsəd Xəlilovun evinə gedərək ailə üzvlərinin yanında onun ünvanına qeyri- etik ifadələr işlədib, məhkəməyə müraciət etməyin ona baha başa gələcəyini söyləyib və qanunsuz olaraq ev sahibinin izni olmadan onun evini videokameraya çəkib.

İmişli RİH başçısı Əbülfəz Ağayevin xəbəri və izni olmadan onun vəzifəyə təyin etdiyi nümayəndəsinin yerli sakini məhkəməyə verib onu cəzalandırmağa qalxması inandırıcı görünmür. Sakinlərin verdiyi məlumata görə son zamanlar kütləvi şəkildə “Kür qaçqınları”- nın İcra başçısını məhkəməyə verib onu korrupsiyada ittiham etməsindən əsəbləşən və əndişəyə düşən Əbülfəz Ağayev adekvat addımlar atmaq üçün məhz onun göstərişi ilə Əsəd Xəlilov məhkəməyə verilib.

Qeyd edək ki, 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları ilə bağlı İmişlidə indiyə qədər 704 ev tikilib. Yerli sakinlərin qənaətinə görə bir çox evlərin tikilməsində ayrı- seçkiliyə, korrupsiya hallarına yol verilib. Hazırda 40- dan artıq yerli sakin tərəfindən İmişli rayon İcra Hakimiyyətinə və FHN- ə qarşı mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə dəyən ziyanın ödənilməsi tələbinə dair məhkəmə iddiası qaldırılıb. İddia ərizələri 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində icrata qəbul edilib və artıq məhkəmə proseslərinə start verilib.


Geri qayıt