Əsas Səhifə > Şou-biznes > “NOVRUZ UŞAQLIQDAN SEVDİYİM BAYRAMDIR”

“NOVRUZ UŞAQLIQDAN SEVDİYİM BAYRAMDIR”


14-03-2012, 12:22
“NOVRUZ UŞAQLIQDAN SEVDİYİM BAYRAMDIR”

MODELİMİZ USTANBULDA BAYRAMI KEÇİRƏCƏK

Uzaqda yaşan həmyerlilərimiz Novruz ərəfəsində bayramın dadını Vətəndə olduğu qədər çıxara bilməsələr də, adətlərimizi unutmurlar.

Şəraitə görə tonqal yandırır, səməni cücərdir, süfrəyə bayramın təamlarını bişirib düzürlər. Model Günay Musayevanı bu qəbildən hesab edə bilərik. Çünki model ötən gün qeyd etdiyimiz ilaxır çərşənbədə ailəsinə əsl Novruz sevinci yaşadıb. Model Milli.Az-a bildirib ki, Novruz onun uşaqlıqdan sevdiyi bayramıdır.

"Məktəbdə oxuyanda yaşıdlarımla bir ay öncədən bayrama hazırlaşardıq. O vaxtdan Novruzun gəlişini şən əhval-ruhiyyə ilə qarşılayıram. Anamın bişirdiyi şəkərbura, paxlavanın dadı hələ də damağımdadır. Vətəndə olmasam da, içimdə bayram sevinci var. Düzdür, burada Novruz bayramı geniş qeyd edilmir. Amma mən tədarükümü görmüşəm. İki həftə öncədən səmənimi cücərtmişəm. Ailəm Bakıdan müxtəlif bayram şirniyyatları göndərib. Qeyd edim ki, Tolqa və ailə üzvləri həmin şirniyyatları çox bəyəniblər. Novruz bayramına tam hazırıq".

Günay ilaxır çərşənbənin adətlərini də unutmayıb. Ötən gecə plov dəmləyən model xanımımız ailəsi ilə birlikdə bağçalarında alışdırdıqları tonqal ətrafına toplanıblar. Ağırlıqlarını odun üzərinə tökdükdən sonra Günayın dəmlədiyi Azərbaycan plovunun dadına baxıblar.

"Bu, mənim İstanbulda keçirdiyim ilk bayram günləri deyil. Ötənilki bayramlar da maraqlı xatirələri ilə yadda qalıb. Fala baxmaq mərasimi xüsusi ilə maraqlı keçir. Ötən gün qulaq falına çıxdım, qulağa xoş gələn sözlər eşitdim. Adətlərimiz Tolqanın xoşuna gəlib, özü də bunları öyrənməyə maraq göstərir. Onunla birlikdə ailə üzvlərimizin adına şam yandırdıq. Birini də gələcək övladımızın adına yandırdıq", - deyən G.Musayevadan hazırda hamiləliyinin 7-ci ayında olduğunu öyrəndik.

İki aydan sonra ilk övladını qucağına alacaq model məlum səbəbdən bir qədər kökəlsə də, bunu özünə dərd etmir:

"Son dəfə həkim müayinəsində olduq və uşağın daxili orqanlarının normal inkişafda olduğunu öyrəndik. Bu, bir möcüzədir. Arzum Tanrının köməyi ilə onu sağ-salamat dünyaya gətirməkdir. Təyyarəyə minmək qəti şəkildə qadağandır deyə, Bakıya gələ bilmirəm. İnşallah, gələn il Novruzu oğlumla, ailəmlə birilkdə qeyd edərik. Fürsətdən istifadə edib, özümə doğma bildiyim kollektivinizi, ailə üzvlərimi, bütün azərbaycanlıları milli bayramımız münasibəti ilə təbrik edirəm!"


Geri qayıt