Əsas Səhifə > Üçüncü sektor > “QHT EVİ” İLƏ BAĞLI İŞÇİ QRUPU YARADILDI

“QHT EVİ” İLƏ BAĞLI İŞÇİ QRUPU YARADILDI


15-03-2012, 11:10
“QHT EVİ” İLƏ BAĞLI İŞÇİ QRUPU YARADILDI

HAZIRLANAN LAYİHƏ İCTİMAİ MÜZAKİRƏYƏ ÇIXARILACAQ

DİA.AZ: - QHT Əməkdaşlıq Alyansının növbəti Şura iclası keçirilib. Alyansın əlaqələndiricisi Rufiz Qonaqov ötən müddət ərzində görülən işlərlə bağlı Şuraya məlumat verib. O, bildirib ki, son iki ay müddətində Alyans bir sıra ciddi tədbirlər həyata keçirib. İstər “Eurovizion-2012” Beynəlxalq Mahnı Müsabiqəsi, istərsə də Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə digər QHT birlikləri ilə təşkil olunan tədbirlər çox əhəmiyyətli olmuşdur. O, bildirmişdir ki, Xocalı soyqırımı ilə bağlı Alyansın başladığı internet-aksiyaya 10 minlərlə insan qoşulmuş və bəzi günlərdə Facebook sosial şəbəkəsində qoşulanların sayı 100 000 ötüb keçmişdir. Bu məsələnin sistemli davam etdirilməsi ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurası ilə məsləhətləşmələrin davam etdirilməsi də nəzərdə tutulur. Daha sonra tədbirlərin keçirilməsi ilə bağlı yaradılan İşçi Qruplarının fəaliyyəti müsbət qiymətləndirilmişdir.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, şurada Alyansın 2012-ci il üçün tədbirlər planı haqqında fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, Alyansın 2012-ci il üçün tədbirlər planı ümumilikdə təsdiq edilsin.

Daha sonra Alyansın təklifi ilə ümumi müzakirəyə çıxarılan “QHT Evi” ilə bağlı məsələ müzakirə edilib. Şura üzvləri bildirib ki, bu gün də Alyansın Şurasında təmsil olunan QHT rəhbərləri tərəfindən bu məsələ 5 ildir ki, gündəmdə saxlanmaqdadır. Amma hələlik konkret nəticə yoxdur. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də bu məsələyə xüsusi həssaslıqla yanaşır və bu günlərdə verdiyi açıqlamada bu məsələnin diqqətdə olduğunu bildirib. Məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb və bununla bağlı Şura üzvlərindən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupu yaxın vaxtlarda “QHT Evi”ni necə görməsi ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurası ilə məsləhətləşmələr əsasında təkliflər hazırlayacaq və bunun ictimai müzakirəsini təşkil edəcək.


Geri qayıt