Əsas Səhifə > Partiya > ƏLİ KƏRİMLİ VƏ İSA QƏMBƏR HƏDƏFDƏDİR

ƏLİ KƏRİMLİ VƏ İSA QƏMBƏR HƏDƏFDƏDİR


7-10-2011, 12:31
ƏLİ KƏRİMLİ VƏ İSA QƏMBƏR HƏDƏFDƏDİR

MÜXALİFƏT LİDERLƏRİ İLƏ BAĞLI YENİ PLAN

«Ərəb baharı»ından sonra bir çoxları kimi, Azərbaycan hakimiyyəti də ciddi narahatlıqlar keçirir. Bunun səbəbi həmin proseslərin ölkəmizdə də günlərin birində baş verə biləcəyidir. Hətta hakim dairələrdə belə bir fikir də formalaşıb ki, «ərəb baharı»nın küləklərinin Azərbaycana əsməsi 11 mart aksiyasından sonra başlayıb. Bu isə yaxın gələcək üçün qaranlıq bir tablonun üzə çıxacağı ehtimallarını artırıb.

Liviya, Yəmən, Tunis və Misirdə baş verənlərin Azərbaycanda da təkrarlanacağı fikri müxalifətdə də əminliklə bildirilir. Bu düşərgənin bu ilin martından etibarən başladığı prosesin isə pik nöqtəsi 2012-ci ildə gözlənilir. Amma bu proseslərdən yalnız Liviya variantının ölkəmizdə mümkün ola biləcəyi istisna edilir. Çünki analoji proseslərin Azərbaycanda baş verməsi üçün zəmin yoxdur.

Amma hakimiyyət «ərəb baharı» məsələsində bir qədər ehtiyatlı davaranaraq, özünü qorumaq üçün müxtəlif planlar üzərində işləyir. Etibarlı mənbələrdən daxil olmuş məlumatlarda deyilir ki, bu planlardan biri də ekstremal vəziyyətə hazır olmaqla bağlıdır. «Ekstremal vəziyyət» dedikdə isə Ərəb yarımadasında baş verənlərin Azərbaycanda təkrarlanacağı təqdirdə atılacaq addımlar nəzərdə tutulur.

Mənbənin iddiasına görə, planın tərkib hissələrindən biri də müxalifətin paracı liderlərinin «zərərsizləşdirilməsi»dir. Onun sözlərinə görə, bu məsələnin təfsilatı ilə bağlı geniş bilgiyə malik olmasa da, bildiyi odur ki, həmin «zərərsizləşdirmə» prosesi əsasən həbsləri əhatə edir. Amma mənbə onu da bildirib ki, hakimiyyət özü üçün yaranmış mümkün təhlükənin yüksək olduğunu görərsə, bu «zərərsizləşdirmə» başqa cəhətləri ilə də diqqəti çəkə bilər. Amma o, başqa cəhətlərin nədən ibarət olduğu barədə açıqlama vermək istəməyib.

Redaksiyamıza danışan mənbə liderlərin fiziki cəhətdən aradan götürülməsi ehtimalları ilə bağlı sualı cavablandırarkən deyib ki, bu barədə danışmaq hələlik mümkün deyil. O qeyd edib ki, hakimiyyət yaxşı bilir ki, partiya sədrlərini fiziki cəhətdən aradan götürmək işin xeyrinə deyil. «Əksinə, bu proseslərin daha ağır formada inkişafına səbəb ola bilər. Eyni zamanda, inqilabi situasiya yarandığı təqdirdə siyasi liderlərin fiziki cəhətdən aradan götürülməsinin hər zaman hakimiyyətlərin zərərinə olduğu da yuxarı təbəqələr yaxşı bilir. Ona görə də, «zərərsizləşdirmə» dedikdə hələlik onlarla bağlı hazırlanmış planın icrası nəzərdə tutulur».


Geri qayıt