Əsas Səhifə > Partiya > “ALLAH-TƏALA HƏR ŞEYİ VƏ BÜTÜN EYİBLƏRİ GÖRƏNDİR”

“ALLAH-TƏALA HƏR ŞEYİ VƏ BÜTÜN EYİBLƏRİ GÖRƏNDİR”


16-03-2012, 13:06
“ALLAH-TƏALA HƏR ŞEYİ VƏ BÜTÜN EYİBLƏRİ GÖRƏNDİR”

AİP JURNALİSTİ MÜDAFİƏ ETDİ

Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən daxil olan bəyanatda bildirilir ki, hər bir cəmiyyət dünyaya inancı, mental dəyərləri ilə təqdim olunur və tanınır. Bəyanatda daha sonra deyilir: “Mənfur ideologiyaların yaranması və yayılması bəşər tarixində insanlığa qarşı çox böyük fəsadlar törətmişdir. Ateizm, qlobalizasiya, sekulyarizm və başqa kəşflər insanın yaranış formulunu dəyişməyə, onu hədəfindən - Allaha bəndəçiliyindən uzaqlaşdırmağa xidmət etmişdir. Məlumdur ki, Allah-Təala hər şeyi və bütün eyibləri görəndir. O, hətta adi insanların görə bilmədiyi eyiblərin üstünü örtəndir.

Ölkəmizdə baş verən son günlərin olayı - “Azadlıq” radiosunun qadın müxbirinə qarşı mənəvi ölçüyə sığmayan hərəkət hər bir qeyrətli, namusa dəyər verən Azərbaycan kişisini narahat edir. Tərbiyəsizliyin və əxlaqsızlığın bu həddə çatmasını biz ictimai təhlükəli cinayət kimi qiymətləndiririk. Hər hansı bir qadına qarşı belə şantaj əslində bütün qadınlara qarşı təhqir təəssüratı yaradır. Şəxsi həyata müdaxilə və təcavüz, eyiblərin görüntüsünü yaratmaq və yaymaq cəmiyyətdə əxlaqsızlığın, təhqirin təbliğindən başqa bir şey deyil. Dini atributlara, mənəvi dəyərlərə qadağalar yaranan cəmiyyətlərdə belə halların baş verməsi gözləniləndir.

Hesab edirik ki, X.İsmayilovaya qarşı bu cinayəti törədənlər tapılmalı və layiqli cəzalarına çatmalıdırlar. Əks halda, gələcəkdə hər bir şəxsi, hər bir ailəni bu kimi şantaj və təhqirlər gözləyə bilər.”


Geri qayıt