Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “AKKORD”UN HEÇ KİMƏ BORCU YOXDUR

“AKKORD”UN HEÇ KİMƏ BORCU YOXDUR


16-03-2012, 18:41
“AKKORD”UN HEÇ KİMƏ BORCU YOXDUR

DSMF-YƏ OLAN QALIQ BORC KEÇƏN İL NOYABRDA ÖDƏNİB

Akkord Korporasiyası bəzi kütləvi informasiya vasitələrində "Akkord-Qum" MMC-nin Azərbaycan Dövlət Sosial Müdafiə Fondu tərəfindən 8 min manat məbləğində borcun ödənilməməsi səbəbindən məhkəməyə verilməsi, bank hesablarına həbs qoyulması, əmlakının satılması ilə bağlı yer alan yanlış informasiyaları təkzib edib.

"Məsələnin mahiyyəti barədə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən qabaqcadan hər hansı bir məlumatı əldə etmədən yayılmış məlumatlar tərəfimizdən Korporasiyanın işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirilir. Bu səbəbdən Akkord Korporasiyası məsələ ilə bağlı real vəziyyəti əks etdirən faktları diqqətə çatdırmaqla yayılmış yanlış informasiyanın təkzib edilməsini tələb edir", - ASC-nin İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə bildiriblər.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 10.08.2011-ci il tarixdən "Akkord-Qum" MMC-nin hüquqi varisidir.

"Akkord-Qum" MMC-nin bütün qalıq borcları onun hüquq varisi "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin qalıq borcuna daxil edilib və həmin borc məbləği ASC tərəfindən hələ 14.11.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb. Borcun ödənildiyi Fondun İri sığortaedənlərlə iş üzrə departamentinin 99/01/03-3387 saylı, 24.11.2011-ci il tarixli məktubu ilə təsdiq olunur.

"Əlavə olaraq vurğulamaq istərdik ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 2011-ci ildə 7 233 984,57 manat məbləğində sosial sığorta ödənişini həyata keçirib ki, bu da 2010-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 5,2 dəfə çoxdur. 2012-ci ilin yanvar-fevral ərzində sosial sığorta ödənişlərinin həcmi 1 489 640,58 manat təşkil edib. İlin sonunadək bu məbləğin 8 200 000 manat olması proqnozlaşdırılır.

Yekunda qeyd etmək istərdik ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Dövlət Sosial Müdafiə Fonduna tam və vaxtlı-vaxtında ödənişləri həyata keçirən təşkilatlar sırasındadır və ASC-nin Azərbaycan Respublikası Fonda heç bir borcu yoxdur", - ASC-dən qeyd ediblər.

Geri qayıt