Əsas Səhifə > Sosial, Manşet > YAP-ÇI GƏNCLƏR DƏ AKSİYA KEÇİRƏCƏK

YAP-ÇI GƏNCLƏR DƏ AKSİYA KEÇİRƏCƏK


18-03-2012, 13:00
YAP-ÇI GƏNCLƏR DƏ AKSİYA KEÇİRƏCƏK

MÜXALİF GƏNCLƏRİN TƏDBİRİ HAKİM DÜŞƏRGƏDƏ NARAHATÇILIQ YARADIB

DİA.AZ: - Şənbə günü müxalif gənclərin keçirdiyi aksiya hakim düşərgənin rəqabət hissini coşdurub. Bu barədə redaksiyamıza daxil olan məlumatlardan da aydın olur ki, artıq müvafiq olaraq hakim komandanın nəzarətində olan gənclər təşkilatlarının fəallarına cavab aksiyasının təşkili ilə bağlı təlimat verilib.

Hökumət içindəki qaynaqlardan DİA.AZ-a ötürülən məlumata görə, hakimiyyət gənclərin onu dəstəklədiyini sübuta yetirmək üçün belə bir təşəbbüsdən vaz keçməyəcək. Mənbəmizin söylədikləri: «YAP-ın siyasətini dəstəkləyən gənclərin böyük bir aksiyasının təşkili qərarı verilib. Hətta ilkin təklif kimi həmin aksiyada 100 min gəncin iştirakı planlaşdırılır. Bütün resurslar işə salınacaq. Bir növ demək olar ki, müxalif gənclər hakimiyyəti əməlli-başlı xərcə salacaq. Çünki indidən aksiyanın təşkili üçün külli miqdarda vəsaitin tələb olunması haqda ideyalar verilib».

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov KİV-ə Azərbaycan müxalifət partiyalarının gənclər təşkilatlarının 17 mart tarixində keçirdiyi mitinqə dərhal reaksiya vermişdi və elə bu reaksiyadan da YAP-ın «cavab atəşi» açacağını duymaq mümkün idi.

Həmin açıqlamada deyilirdi: "Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş bir sıra gənclər təşkilatlarının keçirdiyi mitinq müxalifət partiyalarında sosial bazanın olmadığını bir daha nümayiş etdirdi. Uzun illər boyunca müxalif siyasi təşkilatlar Azərbaycanda "çoxsaylı etiraz elektoratının" mövcud olduğunu bəyan ediblər. Bununla belə, onlar aksiya keçirmək üçün müvafiq yerin olmamasından tez-tez şikayət edirdilər. Müxalifət partiyaları daim "çoxsaylı aksiyalar" keçirmək üçün şəraitin olmaması ilə bağlı əsassız fikirlərə söykənərək, xarici kütləyə sübut etməyə çalışırdılar ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı hüququna riayət olunmur. Birincisi, hakimiyyət tərəfindən həmin və sonrakı mitinqlərin keçirilməsi üçün yer ayrılıb. İkincisi, aksiya iştirakçılarının təhlükəsizliyi təmin olunub. Üçüncüsü, təşəbbüsçülərin bu tədbirin təşkili üçün kifayət qədər vaxtı olub. Lakin, internetdə və sosial şəbəkələrdə elan edilməsinə baxmayaraq, müxalifət təşkilatlarının aksiyasına 250-300 nəfərdən çox adam gəlmədi. Bu, bir daha sübut edir ki, müasir Azərbaycan gəncləri müxalifət partiyalarını hazırkı hakimiyyətə alternativ görmür".

Mənbəmiz bildirir ki, YAP-çı gənclərin aksiyasının təşkilatçılığ da Elnur Aslanova həvalə edilib: «Ümumiyyətlə, Elnur Aslanov eyni zamanda hakimiyyətin gənclərlə bağlı siyasətini formulə edən əsas fiqurdur. Və mitinqin təşkilatçılığı naminə hətta Gənclər və İdman Naziri Azad Rəhimov da Elnur Aslanovun tabeçiliyinə veriləcək».


Geri qayıt