Əsas Səhifə > Partiya > “MEYDANA 5 MİNDƏN ARTIQ GƏNC YIĞILA BİLƏRDİ”

“MEYDANA 5 MİNDƏN ARTIQ GƏNC YIĞILA BİLƏRDİ”


18-03-2012, 15:55
“MEYDANA 5 MİNDƏN ARTIQ GƏNC YIĞILA BİLƏRDİ”

MİTİNQDƏ TƏXRİBATÇILAR OLUB

Martın 17-də gənclərin keçirdiyi icazəli mitinq zamanı baş verən insidentə görə 3 nəfər saxlanılıb. Məlum olduğu kimi, “Bulustan” qrupunun ifaçısı Camal Əlinin söyüşü gənclərin etirazına səbəb olub və bu əlbəyaxa olublar. Sonra polis davaya müdaxil edib və 3 nəfər inzibati həbs alıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, “NİDA” Vətəndaş Cəmiyyətinin üzvü Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb. Onların vəkili Anar Qasımlı məlumat verib ki, gənclər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (xırda xuliqanlıq) ilə ittiham olunurlar. Son məlumata görə gənclər Səbayel polisində saxlanılır. Camal Əlinin anası ona yemək aparıb, içəri buraxmayıblar.

Mitinqin aparıcısı olmuş Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının üzvü Samir Əsədli “Yeni Müsavat”a bildirdi ki, aksiyalar davamlı olacaq: “Bundan sonra da aksiyalarımız, layihələrimiz olacaq. Mitinq çox yüksək səviyyədə və böyük ruh yüksəkliyi ilə keçdi. Biz 1500 gənc nəzərdə tutmuşduq, ancaq havanın soyuq olmasına baxmayaraq 2 minə qədər gəncin ora yığışması böyük uğurun ilk başlanğıcıdır. Əgər hava şəraiti yaxşı olsaydı meydana 5 mindən artıq gənc yığıla bilərdi”.

S.Əsədli mitinqdəki xoşagəlməz olaydan da danışdı: “Xırda xoşagəlməz insident oldu və maraqlı qüvvələr bundan istifadə edib mitinqin aurasını dəyişdirməyə çalışdılar. Amma onların istəkləri alınmadı. Komitədə təmsil olunmayan partiyaların və müstəqil təşkilatlarında bizə dəstək olması bizim uğurumuzdur və bu onu göstərdi ki, bizim gənclik zülmə və ədalətsizliyə, avtoritarizmə qarşı birləşib. Mən komitədə birləşən hər bir təşkilata təşəkkürümü bildirirəm. Biz birlikdə güclüyük”.

AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı hesab edir ki, kiçik insident heç də mitinqə kölgə salmadı: “Bundan sonrakı aksiyalarımıza da mənfi təsir göstərməyəcək. Əksinə, növbəti mitinqlərimizə daha çox gəncin gələcəyinə inanırıq. Ümumən, uğurlu və pozitiv nümayiş oldu. Rəngarəng və fərqli keçdi, o cümlədən ətrafdakı insanların diqqətini çəkdi. Bu tədbirə diqqət o qədər idi ki, mən stadiona yaxın ərazilərdəki köşklərdən “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini tapa bilmədim, hamısı satılıb”.

Ə.Qurbanlı icazəli mitinqlərin keçirilməsinin tərəfdarı olduqlarını dedi: “Hələlik icazəli və dinc mitinqlər daha çox effekt verir. Razılaşdırılmamış o vaxt olacaq ki, şəhərin mərkəzi meydanlarını istəyəcəyik və meriya bizə o yerləri ayırmayacaq. Hələlik icazəli aksiyalarımız davam edəcək”.

Müsahibimiz mitinqdəki məlum insidentə münasibətini açıqladı: “Mitinqlə bağlı yersiz açıqlamalar var. Əli Həsənov və Elnur Aslanovun fikirlərindən görünür ki, hakimiyyət narahat olub. İnsidentə gəlincə, mülki geyimli şəxslər gəncləri provakasiyaya çəkdilər. Nəticədə xoşagəlməz bir olay oldu. Ancaq Camal Əlini döyən və tutanlar başqaları olub. Düşünmürəm ki, bu hadisə növbəti mitinqlərə gənclərin axınının qarşısını alacaq”.

musavat.com


Geri qayıt