Əsas Səhifə > Partiya > ARİF HACILI ANASI İLƏ GÖRÜŞMƏK İSTƏYİR

ARİF HACILI ANASI İLƏ GÖRÜŞMƏK İSTƏYİR


18-03-2012, 16:31
ARİF HACILI ANASI İLƏ GÖRÜŞMƏK İSTƏYİR

MƏHBUS MÜSAVATÇI MÜVƏQQƏTİ AZADLIQ İSTƏYİR

Məhbus müsavatçı Arif Hacılı 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə müraciət edərək anası ilə görüşünə şərait yaradılmasını istəyib. Anası son telefon danışığında Arif Hacılıya vəziyyətinin pis olduğunu, onu çox görmək istədiyini deyib və bunun üçün həbsxana rəhbərliyindən icazə almasını xahiş edib.

Arif Hacılının hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev “Media forum”a deyib ki, Cəzaların İcrası Məcəlləsinə əsasən, ağır cinayət törətməyən məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar yeddi gün müddətinə səfər icazəsi verilə bilər: “Məhkumun qısamüddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Qısamüddətli səfərə icazə verilməməsi əsaslandırılmalıdır. Arif Hacılının anasının sağlıq durumu həbsdə yatan övladı ilə görüşünə icazə verilməsinə bəraət qazandıracaq kritik durumdadır”.

1962-ci il yanvarın 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olan Arif Hacılı Azərbaycan xalq hərəkatının öncül şəxslərindən biridir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri, 1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə dövlət müşaviri postu tutub.

1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavinidir.

Arif Hacılı müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt