Əsas Səhifə > Partiya > BAHAR MURADOVA TƏXRİBATÇILARI HƏDƏLƏDİ

BAHAR MURADOVA TƏXRİBATÇILARI HƏDƏLƏDİ


19-03-2012, 13:33
BAHAR MURADOVA TƏXRİBATÇILARI HƏDƏLƏDİ

“KİMLƏRİNSƏ QALMAQAL YARATMAQ CƏHDLƏRİ BOŞA ÇIXACAQ”

Milli Məclisin vitse-spikeri Bahar Muradova hesab edir ki, "Eurovision 2012" Mahnı Müsabiqəsi ilə əlaqədar kimlərinsə qalmaqal yaratmaq cəhdləri boşa çıxacaq.

Trend-in məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, istər ölkə xaricində, istərsə də ölkə daxilində bəzi qüvvələrin bir sıra dövlətləri "Eurovision 2012"-ni boykot etməyə çağırma niyyətləri baş tutmayacaq.

"Azərbaycanda uzun illərdir öz siyasi ambisiyalarını reallaşdıra bilməyən bir qrup uğursuz narazılar bu prosesləri gərginləşdirməklə öz niyyətlərinə çata biləcəklərini düşünürlər. Onlar hesab edirlər ki, vəziyyət nə qədər gərgin olacaqsa, özlərini bir o qədər yaxşı hiss edəcəklər. Bu, onlar üçün yeganə "saman çöpüdür". Azərbaycanın bütövlükdə uğuru sayılan, ölkəmizin dünyaya açılması və dünyanın Azərbaycana maraq və diqqətinin artması, ölkəmizi bir növ kəşf etməsi üçün çox gözəl bir şans olan musiqi yarışmasının gətirəcəyi dividentləri, nailiyyətləri bir kənara qoyaraq, özünün sırf qrup maraqlarından çıxış edənlər şayiələrlə, dezinformasiyalarla beynəlxalq aləmdə ölkəmizin nüfuzuna xələl gətirmək istəyirlər", - Muradova bildirib.

Vitse-spiker deyib ki, bu məsələyə hər bir vətəndaşın daha çox azərbaycançılıq nöqteyi-nəzərdən yanaşması daha yaxşı olar. O, bu fikirdədir ki, bu gün hər kəs ümumi məsələlərdə birləşməli, siyasi maraqları bir kənara qoymalıdır.

"Bu artıq onların həyatı, yaşayış tərzi, ifadə forması, "vətəndaşlıq mövqeyidir" ki, ümumxalq məsələlərindən də öz cılız siyasi ambisiyaları üçün istifadə edirlər. Ona görədir ki, zaman keçdikcə, sıraları daha da seyrəlir, ətraflarındakı insanlar onları tərk edirlər", - Muradova əlavə edib.


Geri qayıt