Əsas Səhifə > Partiya > “POLİS ƏMƏKDAŞLARI BİZİ TƏXRİBATA ÇƏKDİ”
“POLİS ƏMƏKDAŞLARI BİZİ TƏXRİBATA ÇƏKDİ”19-03-2012, 16:19 |
“BUNA ƏVVƏLCƏDƏN HAZIRLAŞMIŞDILAR” Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 17-də Bakıda keçirdiyi mitinq qalmaqalla bitdi. “Bulustan” rep qrupunun ifa etdiyi musiqinin sözlərinə etiraz qarşıdurma yaratdı, bu da repçi Camal Əli, gitaraçı Natiq Kamilov və “NİDA” Vətəndaş Hərəkatının üzvü Etibar Salmanlının saxlanılması ilə nəticələndi. Səbail Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı 5 sutka həbs cəzası aldı. Onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) təqsirli biliniblər. Mitinqin təşkilatçılarından olan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı martın 19-da “Media forum” saytının suallarını cavablandırıb. - Mitinqi konsert proqramı ilə bitirmək əvvəlcədən planlaşdırılmışdı? - Bəli, bunu əvvəlcədən fikirləşmişdik. Bu məsələ idarə heyətinin toplantısında müzakirə edilmişdi. Hamı razılaşdı ki, çox yaxşı olar. Çünki mitinqə dəvətlilərin əksəriyyəti gənclər idi. Biz bu qərarı verərkən xarici ölkələrin təcrübəsini də nəzərə almışdıq. Rokla yanaşı tar ifasını da düşünmüşdük. Amma soyuq havada tar şişir, ifa etmək çətinləşir. Buna görə yalnız rok musiqisinin səslənməsi üstündə dayandıq. - İfa olunan mahnının sözləri aksiya iştirakçılarının narazılığına səbəb oldu. Hansı mahnıların səsləndiriləcəyi müəyyənləşdirilmişdimi? - Tam müəyyənləşdirilməmişdi. Nəzərə alın ki, Bakı Şəhər İcra Hakimiyyəti konstitusiya hüquqlarımızı pozaraq aksiyanı mitinqə bir gün qalmış sanksiyalaşdırdı. Buna görə işlərimiz çox tələsik oldu. Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri nəzərdə tutmuşdu ki, Firudun Allahverdinin “Rüşvətxor müəllim”, “Büdcə” mahnılarını səsləndirək. Bu mahnılar bizim mitinqin tələbləri ilə üst-üstə düşürdü. Zaman azlığı bütün incəlikləri nəzərə almağa mane oldu. - Mitinqin sonunda niyə dava düşdü? - Bunda təşkilat komitəsi olaraq bizim də günahlarımız var. İlk dəfədir belə aksiya keçirirdik, təcrübəsizliyimiz öz sözünü dedi. Amma dava sırf təxribat idi. Bir nəfər tribunaya çıxıb Camal Əlinin söyüş söyməsinə etiraz bildirdi. Biz də bu məsələni yoluna qoyduq. Sonradan iki nəfər mülki geyimli polis əməkdaşı ortaya girib uşaqları döyməyə başladı. Bunu da aksiya iştirakçılarının adına çıxırlar. Polis əməkdaşları bizi təxribata çəkdi. Buna əvvəlcədən hazırlaşmışdılar. - Camal Əli tribunaya əlində pivə bankası çıxıb danışanda təşkilat komitəsindən kimsə buna öz etirazını bildirdimi? - Bəli, biz Camal Əliyə etiraz bildirdik. O da pivəni yığışdırdı. Biz bu vəziyyət yaşanmamışdan bir neçə dəqiqə əvvəl öz aramızda danışıb razılaşdırmışdıq ki, mitinqi dayandıraq. Amma mülki geyimlilər bizdən tez tərpəndilər. Bu da, yenə deyirəm, bizim təcrübəsizliyimizdən irəli gəldi. Növbəti aksiyalarda bu qüsurları nəzərə alacağıq. Geri qayıt |