Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MCDONALD'S-IN BAŞ DİREKTORU PENSİYAYA ÇIXIR
MCDONALD'S-IN BAŞ DİREKTORU PENSİYAYA ÇIXIR22-03-2012, 11:34 |
CİM SKİNNER 41 İLLİK FƏALİYYƏTDƏN YORULUB Dünyanın ən iri "McDonald's" sürətli qidalanma restoranlar şəbəkəsinin baş direktoru Cim Skinner şirkətdə göstərdiyi 41 illik iş fəaliyyətindən sonra iyunun 30-da öz postunu tərk edəcək. Skinner bu müddətin səkkiz ilini şirkətə rəhbərlik edib. Trend-in məlumatına görə, bu barədə McDonald's-ın yaydığı məlumatda deyilir. İyulun 1-dən Skinnerin varisi Don Tompson olacaq. Şirkətin Direktorlar Şurası artıq onun namizədliyini təsdiqləyib. Hazırda Tompson əməliyyat direktoru vəzifəsində çalışır. "Cimin (Skinner - red.) rəhbərliyi altında McDonald's-ın biznesinə misilsiz təkan verilib (...). Tarixdə ilk dəfə olaraq şirkətin kapitallaşması 100 milyard dolları ötüb", - Şuranın sədri Endi Makkena Skinnerin erasını qiymətləndirərək deyib. O əmindir ki, Tompsonun zamanında da şirkət dünyanın sürətli qidalanma bazarında lider mövqeyini qoruyub saxlayacaq. 2004-cü ilin noyabrından şirkətin rəhbəri postunu tutan Skinner "Plan to Win" ("Qələbə planı") strategiyasının təşəbbüskarı olub. Həmin strategiya çərçivəsində "McDonald's" diqqəti öz məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına və menyunun genişləndirilməsinə cəmləşdirib. "Mən müştərilərimiz və şirkətimiz üçün müsbət olanı etməyə çalışdım. Əminəm ki, Donun vaxtında da (Tompson - red.) şirkət hər gün bütün dünyada 68 milyon müştərinin tələbatını tam təmin etməkdə davam edəcək", - Skinner öz qərarını elan edərkən deyib. Tompson McDonald's-da 22 ildir çalışır. Şirkətə mühəndis-elektrik kimi gələn Don karyera pillələrində tədricən yüksəlir və 2006-cı ildə ABŞ-da 14 min restoran şəbəkəsinin işinə cavabdeh olan "McDonald's USA"in prezidenti olur. 2010-cu ildə isə şirkətin əməliyyat direktoru təyin edilir. Nyu Yorkdakı "Telsey Advisory Group"un analitiki Piter Salehin (Peter Saleh) fikrincə, şirkət keçid dövrünü rahat keçəcək. Lakin Tompson McDonald's-ın ictimai iaşə bazarında liderliyinin qorunub saxlanması kimi heç də asan olmayan tapşırığı həll etməli olacaq. "Bu gün hamı sürətli qidalanma bazarında şirkətin payının bir hissəsini ələ keçirməyə çalışır", - Burger King, Wendys, Taco Bell kimi rəqibləri xatırladan Saleh qeyd edir. Bundan başqa, McDonald's-ı ABŞ-da ən sürətlə inkişaf edən restoranlar şəbəkəsi "Five Guys Burgers and Fries" restoranlar şəbəkəsi də sıxışdıra bilər. Onun satış həcmi 2011-ci ildə 951 milyon dollar təşkil edib. Qeyd edək ki, "McDonald's" 1940-cı ildə Dik və Mak Makdonald qardaşları tərəfindən yaradılıb. İlk restoran San-Bernardinoda (Kaliforniya ştatı) açılıb. 1948-ci ildə şirkət dünyada ilk dəfə olaraq "sürətli qidalanma" konsepsiyasının prinsiplərini formalaşdırıb. Geri qayıt |